Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdən öncə iştirakçılar Odlar Yurdu Universitetinin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir Odlar Yurdu Universitetinin tələbələrindən ibarət xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev Azərbaycan xalqının zəngin dövlətçilik ənənələrinə malik olduğunu vurğulayaraq, XX əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının mühüm tarixi nailiyyət olduğunu bildirib. O qeyd edib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə silinməz iz qoyub.

Əhməd Vəliyev 1920-ci ildə endirilən üçrəngli dövlət bayrağının sonradan Ümummilli Lider Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında yenidən qaldırıldığını xatırladıb. O, Cümhuriyyət dövründə demokratik təsisatların yaradılması, Azərbaycan dilinin dövlət dili elan olunması, Milli Ordunun formalaşdırılması, qadınlara seçki hüququnun verilməsi kimi mühüm addımlar barədə ətraflı məlumat verib. Rektor həmçinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin ölkəmizdə dövlət səviyyəsində geniş qeyd olunduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının milli istiqlal tariximizin ən şərəfli səhifələrindən biri olduğunu bildirib. O qeyd edib ki, qısa müddət ərzində həyata keçirilən demokratik islahatlar, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində atılan addımlar və dövlətçiliyin möhkəmləndirilməsi müstəqil Azərbaycanın inkişafında mühüm rol oynayıb.

Elçin Quliyev vurğulayıb ki, bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, dövlət müstəqilliyinin qorunması, demokratik cəmiyyətin formalaşdırılması və hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlar Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılmasının bariz nümunəsidir.

Sonra Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup gəncə sertifikatlar təqdim olunub.

Tədbirin bədii hissəsində Odlar Yurdu Universitetinin tələbələrinin təqdimatında vətənpərvərlik mövzusunda şeirlər və musiqi nömrələri səsləndirilib.

YAP Nərimanov rayon təşkilatı Müstəqillik Gününə həsr olunmuş tədbir keçirdi - FOTOLAR