Müasir dövrdə kənd təsərrüfatının inkişafı sosial rifahın yüksəldilməsi, bölgələrin davamlı tərəqqisi, məşğulluğun artırılması və milli iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm strateji istiqamət hesab olunur. Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə vurğuladığı fikirlər bir daha təsdiqləyir ki, bu sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Son illər həyata keçirilən genişmiqyaslı regional inkişaf proqramları, infrastruktur layihələri, subsidiyalar və sosial təşəbbüslər kənd təsərrüfatının inkişafına mühüm təkan verib.
2004-cü ildən başlayaraq qəbul edilən regional inkişaf proqramları bölgələrin simasının dəyişməsində mühüm rol oynayıb. Həmin proqramlar nəticəsində regionlarda yol infrastrukturu yenilənib, qazlaşdırma səviyyəsi yüksəlib, elektrik enerjisi ilə təminat tam şəkildə yaxşılaşdırılıb, su anbarları və suvarma sistemləri yaradılıb. Taxtakörpü, Şəmkirçay və digər mühüm su layihələri kənd təsərrüfatında məhsuldarlığın artırılmasına geniş imkanlar açıb. Kanalların yenidən qurulması və yeni suvarma sistemlərinin yaradılması xüsusilə aqrar sahədə dayanıqlı inkişafın təmin olunmasına xidmət edir.
Bu gün bölgələrdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri kənd həyatını əvvəlki dövrlərlə müqayisədə tamamilə dəyişib. Qazlaşdırmanın yüksək səviyyəyə çatdırılması, yolların tikilməsi, elektrik enerjisi təminatının gücləndirilməsi kəndlərdə yaşayış səviyyəsinin yüksəlməsinə səbəb olub. Bunun nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalında ciddi artım qeydə alınıb. Üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq və digər ənənəvi sahələrin inkişafına dair qəbul edilmiş dövlət proqramları aqrar sektorda yeni mərhələnin formalaşmasına səbəb olub.
Kənd təsərrüfatının inkişafında subsidiyaların və güzəşt mexanizmlərinin rolu xüsusilə diqqət çəkir. Dövlət tərəfindən fermerlərə yanacaq, gübrə və digər sahələr üzrə təqdim edilən güzəştlər onların fəaliyyətinin genişlənməsinə və məhsuldarlığın artmasına imkan yaradır. Güzəştli kreditlərin verilməsi, metodiki dəstəyin göstərilməsi və müxtəlif təşviq mexanizmlərinin tətbiqi aqrar sahənin inkişafında mühüm rol oynayır. Dünyada nadir tətbiq olunan çoxşaxəli subsidiya sistemi kənd təsərrüfatının dayanıqlı inkişafına xidmət edən əsas vasitələrdən biridir.
Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi mühüm məqamlardan biri də urbanizasiya prosesinə münasibət idi. Bu gün dünyanın bir çox dövlətlərində müşahidə olunan kəndlərdən şəhərlərə axın sosial və iqtisadi problemlər yaradır. Məqsəd şəhərlərə köçü artırmaq deyil, əksinə, şəhərlərdən kəndlərə qayıdış prosesini stimullaşdırmaqdır. Bunun üçün kəndlə şəhər arasındakı fərqlərin minimuma endirilməsi əsas şərtlərdən biridir. Məhz regional inkişaf proqramlarının əsas məqsədi də bölgələrdə elə sosial-iqtisadi şərait yaratmaqdır ki, insanlar öz doğma torpaqlarında yaşamağa və çalışmağa üstünlük versinlər.
Bu istiqamətdə həyata keçirilən sosial infrastruktur layihələri də böyük əhəmiyyət daşıyır. Bölgələrdə müasir xəstəxanaların tikilməsi, məktəblərin əsaslı təmir olunması və yeni təhsil müəssisələrinin istifadəyə verilməsi regionların sosial həyatına mühüm töhfə verib. Minlərlə məktəbin yenidən qurulması və təhsil infrastrukturunun müasirləşdirilməsi kənd yerlərində həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu siyasət bölgələrdə məşğulluğun artırılmasına, insanların torpağa bağlılığının güclənməsinə şərait yaradır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bizim bütün rayon mərkəzlərində, şəhərlərdə müasir xəstəxanalar var, məktəb tikintisi geniş vüsət almışdır: “Düzdür, hələ yararsız vəziyyətdə məktəblər var, amma onların sayı ildən-ilə azalır. Bizim 4 mindən çox məktəbimiz var, bəlkə də bir az az, bir az çox. Onların təqribən deyə bilərəm ki, 80-85, bəlkə də 90 faizi təmir edilib, nə qədər məktəb tikilib. Ona görə bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı etmək üçün biz kənd təsərrüfatının inkişafına yeni təkan verməliyik”.
Kənd təsərrüfatının inkişafı həm də qeyri-neft sektorunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Aqrar sahədə məhsuldarlığın artırılması ixrac imkanlarını genişləndirir, ərzaq təhlükəsizliyini möhkəmləndirir və iqtisadi dayanıqlığı gücləndirir. Müasir texnologiyaların tətbiqi, innovativ yanaşmaların genişləndirilməsi və fermerlərin maarifləndirilməsi bu sahənin gələcək inkişafında əsas amillərdən olacaq.
Kənd təsərrüfatı yalnız iqtisadi sahə deyil, həm də sosial rifahın və milli inkişafın mühüm dayağıdır. Aqrar sahəyə göstərilən dövlət qayğısı bölgələrin inkişafını sürətləndirir, insanların rifahını yüksəldir və uzunmüddətli dayanıqlı inkişaf üçün möhkəm zəmin formalaşdırır. Prezident İlham Əliyevin vurğuladığı fikirlər kənd təsərrüfatının gələcək inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirir və bu sahənin qarşıdakı illərdə də prioritet mövqeyini qoruyacağını nümayiş etdirir.
Bədəl Bədəlov
Milli Məclisin deputatı















.jpg)



.jpg)








.jpg)


















.jpeg)




