26 may 2026-cı il tarixində Ağdam rayon Heydər Əliyev Mərkəzində 28 May - Müstəqillik gününə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin və YAP Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatı Elman Məmmədov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Müstəqillik Gününə həsr olunmuş videoçarx tədbir iştirakçılarına nümayiş etdirilmişdir. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər 28 may 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq kimi sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olmasından, Ulu Öndərin Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Cümhuriyyətimizin 80 illik yubileyinin keçirilməsindən, Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə “İstiqlal bəyannaməsi” abidəsinin ucaldılmasından, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncam imzalanmasından və bu tarixi hadisə münasibətilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunmasından, 2021-ci ilin 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” qəbul edilmiş qanunla mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunmasından bəhs etmişlər.