Mayın 3-də Laçın şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi: şanlı Zəfərdən parlaq gələcəyə” mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov qeyd edib ki, müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi Azərbaycan dövlətçilik tarixində müstəsna yer tutur: "Onun uzaqgörən və qətiyyətli siyasəti nəticəsində ölkəmizdə müasir, demokratik və dünyəvi dövlətin möhkəm təməli qoyulmuşdur. Milli maraqlara əsaslanan dövlət idarəçiliyi, elmin, təhsilin və mədəniyyətin inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır. Bu gün əldə etdiyimiz uğurlar onun müəyyən etdiyi strateji kursun məntiqi davamıdır".
M.Məmmədov bildirib ki, Azərbaycanın enerji strategiyasının uğurla reallaşdırılması, dünya iqtisadiyyatına inteqrasiyası, beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi və ölkəmizin mühüm regional logistika mərkəzinə çevrilməsi bilavasitə Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir: "Məhz Onun rəhbərliyi dövründə Azərbaycan öz geostrateji mövqeyindən, iqtisadi və mədəni potensialından səmərəli istifadə edərək qısa müddətdə beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmış və dünyanın dinamik inkişaf edən dövlətlərindən birinə çevrilmişdir".
"Uzun illər həsrətində olduğumuz Laçın bu gün azaddır, bərpa olunur və sürətlə inkişaf edir. Bu torpaqların azad olunması Azərbaycan xalqının birliyinin, güclü dövlətin və qətiyyətli liderliyin bariz nümunəsidir. Ümummilli Lider Heydər Əliyev Laçının strateji əhəmiyyətini yüksək qiymətləndirərək bildirirdi ki, bu rayon Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü baxımından xüsusi önəm daşıyır. Bu baxış bu gün də öz təsdiqini tapır. 1992-ci ildə işğal nəticəsində dağıdılan Laçın bu gün yenidən qurulur, öz əsl sahiblərinə qovuşur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi qələbə Ulu Öndərin siyasətinin məntiqi davamıdır. Bu gün Prezident İlham Əliyev tərəfindən bu siyasi kurs uğurla davam etdirilir və Azərbaycan daha da güclənir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir" ,- deyə səlahiyyətli nümayəndə vurğulayıb.
Onun sözlərinə görə, bu gün Laçında genişmiqyaslı quruculuq işləri aparılır. "Müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, yollar inşa edilir. Artıq yüzlərlə ailə doğma yurduna qayıdıb və bu proses davam edir. Laçın artıq yalnız bərpa olunan şəhər deyil, o, gələcəyin şəhərinə çevrilir. Burada həm müasir infrastruktur, həm də milli-mədəni dəyərlər üzərində qurulan yeni həyat formalaşır" , - deyən M.Məmmədov əlavə edib ki, Heydər Əliyev ideyaları Azərbaycanın inkişafının, sabitliyinin və gələcəyinin əsasını təşkil edir.
Çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bugünkü tədbirin qədim Azərbaycan torpağı olan, uzunmüddətli işğal və məhrumiyyətlərə baxmayaraq, həsrətimizi unudulmaz sənətkarımız Məhəbbət Kazımovun məşhur ifası ilə yaşatdığımız, ordumuzun rəşadəti sayəsində azad edilərək artıq dirçəliş və inkişaf mərhələsinə qədəm qoymuş Laçında keçirilməsi xüsusi rəmzi məna daşımaqla həm tarixə ehtiramın, həm də gələcəyə inamın ifadəsidir: “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkəmizin ərazi bütövlüyü və mütləq suverenliyinin təmin olunması xalqımızın milli qürurunun bariz təcəssümü və dövlətçilik tariximizin şanlı səhifəsi olmaqla, vaxtilə “Bütün işğal olunmuş torpaqlar Azərbaycan xalqının iradəsi, qəhrəman oğulların şücaəti ilə azad olunacaq”, - deyən Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının təntənəsidir”.
Tahir Budaqov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək dövlətçiliyimizi məhv olmaq təhlükəsindən qurtarmış, Azərbaycanın müstəqilliyini möhkəmləndirərək hüquqi, dünyəvi və demokratik dövlət kimi möhkəm təməllər üzərində gələcəyə inamla addımlamasını təmin etmişdir: “Onun xalqımız qarşısında ən böyük xidmətlərindən biri də siyasi varisliyin təmin edilməsidir. Bu gün Heydər Əliyev yolunu inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycana möhtəşəm uğurlar qazandırmaqla onun gücünün və nüfuzunun daha da artmasını şərtləndirir. Tarixi Zəfər qazandıqdan sonra işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Böyük Qayıdış proqramının uğurla icra olunduğunu göstərir. Laçın bu prosesin ən gözəl nümunələrindəndir. Burada innovativ yanaşmalar əsasında sosial inklüzivlik, ekoloji təhlükəsizlik, o cümlədən yaşıl infrastruktur quruculuğu əsas götürülməklə "ağıllı şəhər" konsepsiyası həyata keçirilir ki, bu da dayanıqlı məskunlaşmanın, o cümlədən müasir standartlara uyğun yüksək keyfiyyətli həyat şəraitinin təmin olunmasına əlverişli zəmin yaradır. Laçın təkcə strateji əhəmiyyətə malik ərazi deyil, həm də Azərbaycanın ən dilbər guşələrindən biridir. Böyük turizm potensialına malik rayonun zəngin təbiəti, unikal iqlimi və relyefi onu xüsusilə cazibədar edir. Qarşıdakı dövrdə böyük quruculuğa paralel olaraq turizmin müxtəlif sahələrinin, o cümlədən ekoloji, dağ, sağlamlıq turizminin inkişafı ölkə iqtisadiyyatına mühüm töhfələr verəcəkdir”.
YAP Sədrinin müavini bildirib ki, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi ölkəmizin inkişafında müstəsna rol oynayır: “Milli maraqları daim uca tutan partiyamızın əksər üzvləri Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirərək Azərbaycanın daha da güclənməsi naminə məqsədyönlü fəaliyyət göstərirlər. YAP Laçın rayon təşkilatı da yeni dövrün reallıqlarından irəli gələn çağırışları bundan sonra da diqqət mərkəzində saxlamalı və Böyük Qayıdış prosesinə fəal dəstəyini davam etdirməlidir. Siz bu gün şanlı tarixin canlı şahidi və iştirakçısı olaraq doğma torpağımızda yeni həyat qurmaq kimi şərəfli bir missiyanı ləyaqətlə yerinə yetirirsiniz. Bu, böyük xoşbəxtlik olmaqla bərabər, ciddi məsuliyyətdir. Əminik ki, dövlətimizin dəstəyi, sizin zəhmətiniz və milli birliyimiz sayəsində Laçın Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək və ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayacaqdır. Hər birinizə möhkəm cansağlığı, uzun ömür və şərəfli fəaliyyətinizdə davamlı uğurlar arzulayıram”.
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Şahbaz Muradov çıxışında bildirib ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaradıb ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hər zaman böyük ehtiyac olacaq. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, - deyən Ulu Öndər nəinki xalqımızın, həm də bütünlükdə müsəlman aləminin, türk dünyasının ən böyük tarixi şəxsiyyətlərindəndir.
Onun sözlərinə görə, Ümummilli Liderimiz Heydər Əliyev hələ sovetlər dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlarda Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin edib, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atıb: “1971-ci ildə indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi də Ulu Öndərimizin xalqımız qarşısında böyük xidmətlərindəndir. Heydər Əliyev ilk azərbaycanlı idi ki, SSRİ kimi nəhəng dövlətin rəhbərliyi səviyyəsinə yüksəlib, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə çevrilib”.
Ş.Muradov qeyd edib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan ağır vəziyyətdə olarkən - 1993-cü ilin iyun ayında xalqımızın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı: “Bu tarixi hadisə Azərbaycanı və bütünlükdə xalqımızı fəlakətlərdən xilas etdi. Həmin tarixdən etibarən Azərbaycanın intibahı başlandı”.
Hazırda ölkəmizdə Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyini deyən natiq diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Azərbaycanı güclü və qalib dövlətlər sırasına çıxarıb. “Cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan heç zaman indiki kimi qüdrətli olmayıb. Azərbaycan dünyada şöhrət qazanıb, dövlətimizin başçısı isə dünya liderləri arasında yüksək intellektli, praqmatik düşüncəli, uzaqgörən siyasətçi və qətiyyətli lider kimi tanınır. Prezident, Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirib, şanlı ordumuz işğalçıları torpaqlarımızdan təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edib. Cənab Prezident tarixi ədaləti bərpa edərək Azərbaycan xalqının adını qalib xalq kimi tarixə yazdırdı” , - deyə Ş.Muradov vurğulayıb.
Çıxış edən AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Solmaz Məhərrəmova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ən böyük gücü xalqın ona sonsuz sevgisində idi: “O, azərbaycançılıq ideologiyasını dövlət siyasətinin mərkəzinə gətirdi, hələ 1978-ci ildə ana dilimizə dövlət dili statusu qazandırmaqla milli kimliyimizi qorudu. Heydər Əliyev həm də müasir dövlətimizin iqtisadi və siyasi-hüquqi sütunlarını quran memardır”.
Onun sözlərinə görə, Ulu Öndərin fəaliyyətində Laçın rayonunun həmişə xüsusi yeri olub. “Heydər Əliyev Laçını Azərbaycanın strateji cəhətdən ən önəmli, çox gözəl guşələrindən biri adlandırırdı. 1996-cı ildə laçınlı ziyalılarla keçirdiyi görüşdə mən də iştirak edirdim. Həmin görüşdə Ümummilli Liderimiz laçınlıların mərdliyini, dövlətə sadiqliyini xüsusi qeyd etmişdi. O, həmişə inanırdı ki, biz mütləq doğma torpaqlarımıza qayıdacağıq. Bu gün biz qürurla deyirik: Ulu Öndərin ruhu şaddır! Çünki Onun başladığı yolu layiqincə davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun qüdrəti sayəsində Laçınımız azaddır. Bizim borcumuz Heydər Əliyevin əmanəti olan müstəqil Azərbaycanı qorumaq və daha da ucaltmaqdır” , - deyə S.Məhərrəmova vurğulayıb.
Azərbaycan Milli Qəhrəmanlar Cəmiyyətinin Laçın üzrə nümayəndəsi, Milli Qəhrəman Oqtay Güləliyevin həyat yoldaşı Afət Novruzova çıxışında deyib ki, Ulu Öndər Heydər Əliyevin həyat yolu sadəcə bir liderin taleyi deyil, bütöv bir xalqın dirçəlişinin, dövlətin möhkəmlənməsinin və milli ruhun yenidən doğulmasının tarixidir: “Onun hər addımı, hər qərarı Azərbaycan xalqına olan sonsuz sevgi və bağlılıqdan qaynaqlanırdı. O, xalqına güvəndi, xalq da ona inandı”.
Müasir Azərbaycanın öz gücünü bütün dünyaya nümayiş etdirdiyini deyən A.Novruzova qeyd edib ki, Ulu Öndərin təməlini qoyduğu müstəqil dövlətimiz bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edir. “44 günlük Vətən müharibəsində Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Analar övladlarını Vətənə əmanət etdi, atalar qürurla oğullarını döyüşə yola saldı. O günlərdə igid oğullarımız tarix yazdı. Mənim həyat yoldaşım - Milli Qəhrəman Oqtay Güləliyev də Birinci Qarabağ müharibəsində bu müqəddəs yolun şərəfli yolçularından biri olub. O, Vətən uğrunda canından keçərkən bir an belə tərəddüd etmədi. Çünki bu torpaq onun üçün sadəcə doğulduğu yer deyil, namusu, qüruru və varlığı idi”.
A.Novruzovanın fikrincə, bu gün Azərbaycan bayrağı azad Qarabağda qürurla dalğalanırsa, bu, şəhidlərimizin ruhunun qələbəsi, qazilərimizin, əsgər və zabitlərimizin şücaətinin nəticəsidir: “Milli Qəhrəman Oqtayın da, mənim də doğulub boya-başa çatdığımız müqəddəs Laçın torpağı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, şəhidlərimizin qanı və canı bahasına və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində azadlığına qovuşdu. Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Mən isə sonsuz qürur və böyük xoşbəxtlik hissi ilə deyirəm ki, doğma Laçınımıza, öz evimizə qayıtmışam”.
A.Novruzova bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğı göstərirlər: “Dövlət öz qəhrəmanlarını unutmur, onların ailələrini daim diqqətdə saxlayır”.
Çıxış edən Laçın rayonu, Ə.H.Məmmədov adına Zabux kənd tam orta ümumtəhsil məktəbinin hərbi rəhbəri, Vətən müharibəsi qazisi Taleh İsgəndərli “30 illik həsrətə son qoyan Vətən müharibəsində iştirak etmək, işğaldan azad olunan torpaqlarımızın, o cümlədən doğma Laçının azadlığı uğrunda döyüşlərdə yer almaq mənə də nəsib oldu. Şükürlər olsun ki, xalqımız bu mübarizədən şanlı qələbə ilə çıxdı” - deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşərək, “dəmir yumruq” kimi vahid gücə çevrildi və dövlətimizin ərazi bütövlüyünü bərpa etdi: “Şəhidlərimizin əziz xatirəsini daim uca tutmaq hər birimizin müqəddəs borcudur. Bu gün mən ikiqat xoşbəxtəm. Çünki artıq doğma Laçınımızda - bərpa edilən, yenidən qurulan ərazilərimizdə yaşamaq və fəaliyyət göstərmək mənə qismət olub”.
T.İsgəndərli Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduğunu söyləyib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında mühüm rol oynayır: “Biz hər zaman Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşmişik və bundan sonra da bu birliyimizi qoruyacağıq”.
Milli Məclisin deputatı Rövşən Muradov da çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib. O, Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirin Laçın şəhərində keçirilməsinin əhəmiyyətini vurğulayıb. Milli Məclisin deputatı laçınlıların hər zaman dövlətçiliyə sadiq olduğunu deyib.
Sonra tədbirdə YAP Laçın rayon təşkilatının ictimai-siyasi həyatında uğurlu fəaliyyətinə görə bir qrup şəxsə fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilmiş inşa, bədii qiraət və mahnı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonra konsert proqramı təqdim olunub.
Daha sonra tədbir iştirakçıları Laçın rayonunun Sus kəndində ağacəkmə aksiyasında iştirak ediblər.
