Mayın 3-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” tərəfindən icra olunan Belqrad–Bakı–Belqrad marşrutu üzrə ilk birbaşa aviareysin rəsmi qarşılanma mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, yeni uçuş proqramına əsasən, reyslər həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Sözügedən marşrut Azərbaycan ilə Avropa arasında hava nəqliyyatı əlaqələrinin genişlənməsinə xidmət etməklə yanaşı, turizm və işgüzar səfərlərin artmasına əlavə imkanlar yaradır. İki ölkə arasında tətbiq olunan vizasız rejim isə qarşılıqlı səfərləri daha da asanlaşdırır və istiqamətə marağı artırır.

İlk reysin sərnişinləri aeroporta eniş zamanı ənənəvi su tağı mərasimi ilə qarşılanıb. Tədbir çərçivəsində qonaqlara Azərbaycan mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim olunub.

Rəsmi qarşılanma mərasimində Azərbaycan Hökumətinin nümayəndələri, Serbiya nümayəndə heyəti, eləcə də “Air Serbia”nın rəhbər şəxsləri iştirak ediblər.

Qeyd edək ki, yeni marşrut Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq uçuş şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımlardan biri olmaqla yanaşı, Bakının regionun aparıcı aviasiya və turizm mərkəzlərindən biri kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verir.

*** 19:16

"Air Serbia" Bakı və Belqrad arasında birbaşa aviareysin açıldığını rəsmi şəkildə elan edib. 

"Unikal" xəbər verir ki, bu barədə Air Serbia sosial mediada paylaşım edib.

Bu yeni marşrut Azərbaycan və Serbiya arasında əməkdaşlığın inkişafında yeni mərhələ kimi qiymətləndirilir.

Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək: Belqraddan çərşənbə və bazar günləri, Bakıdan isə cümə axşamı və bazar günləri planlaşdırılıb.

Belqraddan ilk reysin yola salınması mərasimində Azərbaycanın Serbiyadakı səfiri Kamil Həsənov, Serbiya hökumətinin nümayəndələri — tikinti, nəqliyyat və infrastruktur naziri Aleksandra Sofroniyeviç, idman naziri Zoran Qayiç, mədəniyyət naziri Nikola Selakoviç, eləcə də Air Serbia rəhbərliyi, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.