“Baku Book Center”də Azərbaycan İdman Akademiyasının (ASA) Fizioterapiya təhsil proqramı üzrə məsul şəxsi, Avstriyanın “Complex Core+” təşkilatının icraçı direktoru Roman Yahodanın hazırladığı “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, təqdimat mərasimində gənclər və idman naziri Fərid Qayıbov, səhiyyə naziri Teymur Musayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ASA-nın rektoru Fuad Hacıyev, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə, bir sıra dövlət qurumlarının məsul şəxsləri, hərbçilər, qazilər, Akademiyanın əməkdaşları, idman mütəxəssisləri və digər qonaqlar iştirak ediblər.

Rəsmi mərasimdə çıxış edən ASA-nın rektoru Fuad Hacıyev, AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə, Akademiyanın tədris işləri üzrə prorektoru Ülkər Babayeva və kitabın müəllifi Roman Yahoda bildiriblər ki, bu kitabda öz əksini tapmış kompleks reabilitasiya və bərpa məşq hərəkətləri əsasında və Böyük Britaniyanın UCL Universitetinin protokollarına istinadən, həmin universitetin professoru, Akademiyanın magistr proqramının rəhbəri Mayk Luzmorun rəhbərliyi altında, ASA-nın idman tibbi tədqiqatları laboratoriyasının əməkdaşlarının, “İdman tibbi və reablitasiya” magistr proqramının məzunlarının iştirakı ilə hərbi qulluqçuların və qazilərin reabilitasiyası, həmçinin milli yığma komandaların idmançılarının funksional diaqnostikası və tibbi-bioloji müşaiyəti həyata keçirilib.

Kitabın reabilitasiya, idman məşqi, fiziki hərəkətlər mövzusunda məzmuna uyğun foto çəkilişləri tələbələrin iştirakı ilə MediaLab-da, tərtibatı isə idman jurnalistikası magistrlərinin vasitəsilə ASA-da aparılıb.