Fransa, Almaniya və Böyük Britaniya liderləri İranın Yaxın Şərq ölkələrinə endirdiyi “seçici olmayan və qeyri-mütənasib” raket zərbələrindən ciddi narahat olduqlarını bildirərək, İslam Respublikasını hücumları dərhal dayandırmağa çağırıblar.

"Unikal" xəbər verir ki, Avropa dövlətlərinin birgə bəyanatı Almaniya Federal Hökumətinin rəsmi saytında dərc olunub.

Mətbuat açıqlamasında vurğulanır ki, İranın bu addımları Fransa, Almaniya və Böyük Britaniyanın regiondakı ən yaxın müttəfiqlərinə qarşı yönəlib və Yaxın Şərqdə həm hərbçilər, həm də mülki əhali üçün ciddi təhlükə yaradır. Avropa ölkələri Yaxın Şərqdə öz maraqlarını qorumaqda qərarlı olduqlarını bəyan ediblər.

Bəyanatda qeyd olunub ki, “zərurət yarandığı halda bu, İranın raket və pilotsuz uçuş aparatlarını buraxmaq imkanlarını mənbəyində məhv etmək məqsədilə mütənasib müdafiə xarakterli hərbi tədbirlərin görülməsini də əhatə edə bilər”.

Sənəddə həmçinin bildirilir ki, bu məsələ ilə bağlı Fransa, Almaniya və Böyük Britaniya ABŞ və Yaxın Şərqdəki müttəfiqləri ilə sıx əməkdaşlıq edir.