Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istədiyi və bununla bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə məktub ünvanladığı barədə mediada məlumat verilib.

Həmin məktubun Azərbaycan xüsusi xidmət orqanlarının əlinə keçdiyi barədə də informasiyalar yayılmışdı. Bəziləri belə məktubun olmadığını, onun mövcudluğuna inanmadıqlarını iddia etsələr də, təqdim etdiyimiz fakt Ramiz Mehdiyevin, həqiqətən də, xarici ölkənin köməyi ilə Azərbaycanda hakimiyyət çevrilişi planı gerçəkləşdirmək xülyasına düşdüyünü göstərir.

"Unikal" Apa-ya istinadən Ramiz Mehdiyevin ünvanladığı məktubu təqdim edir.

Xüsusi qeyd etmək yerinə düşər ki, belə bir planı həyata keçirmək nə Ramiz Mehdiyevin, nə də onun əlaqə qurduğu dairələrin imkanında deyil. Sadəcə, buna cəhd etmək onun əsl riyakar xislətini nümayiş etdirir.

Məktubda deyilir:

"Dövlət idarəetmə sistemində islahatlarla bağlı təkliflər

Son illərdə dövlət idarəetmə sistemini və Azərbaycanın iqtisadi həyatını bürümüş dərin böhran radikal islahatların və dəyişikliklərin aparılmasını tələb edir.

Bir tərəfdən, mövcud idarəetmə strukturunun qeyri-effektivliyi onun xarakteri, adətləri və mövcud hakimiyyətin baxışları ilə izah olunur, digər tərəfdən isə bu struktur köləlik ruhu ilə iflic olmuş avtoritar sistemlə bağlıdır. Bu idarəetmə sisteminin əsas xüsusiyyətləri yalnız referendum yolu ilə dəyişdirilə bilər.

Yeni dövlət idarəetmə formasını və prinsiplərini işləyib hazırlayarkən ilk növbədə Azərbaycan xalqının siyasi psixologiyasını, onun dövlətdən ənənəvi gözləntilərini nəzərə almaq, eləcə də ölkənin sosial-iqtisadi həyatının durğunluğuna səbəb olan əsas amilləri müəyyən edib aradan qaldırmaq lazımdır.

Dövlətin strateji orqanlarına rəhbərlik etdiyim illərdə topladığım çoxillik idarəçilik təcrübəm, həmçinin Azərbaycan müasir siyasi həyatının tarixi və problemləri üzrə apardığım elmi tədqiqatlar mənə aşağıdakı dövlət idarəetmə sisteminin formalaşdırılmasının zəruriliyini göstərir:

1. Hakimiyyətin strukturu və Dövlət Şurası

Hakimiyyət, ümumi qəbul olunmuş demokratik prinsiplərə uyğun olaraq, üç qol — qanunverici, icraedici və məhkəmə hakimiyyətindən ibarət olacaq.
Bu hakimiyyət qollarının fəaliyyətinə nəzarəti Dövlət Şurası həyata keçirəcək. Şura 50 üzvdən ibarət olacaq — tanınmış və təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələri, cəmiyyətdə böyük nüfuza malik şəxslər. Bu orqan seçkili olacaq və ümumxalq səsverməsi nəticəsində formalaşacaq.

Dövlət Şurasına Dövlət Şurasının Sədri rəhbərlik edəcək. Onu xalq tərəfindən seçilmiş Dövlət Şurası üzvləri öz aralarından seçəcəklər.
Sədri vəzifədən kənarlaşdırmaq səlahiyyəti yalnız Dövlət Şurası üzvlərinə məxsus olacaq və bu, səsvermə yolu ilə baş verəcək.

Dövlət Şurası siyasi və sosial-iqtisadi proseslər üzərində nəzarət mexanizmini həyata keçirəcək, həmçinin Konstitusiya Məhkəməsi və Təhlükəsizlik Şurasının funksiyalarını da yerinə yetirəcək. Dövlət Şurası parlament və hökumət tərəfindən qəbul olunmuş qanun layihələrini təsdiqləyəcək və zərurət olduqda veto hüququndan istifadə edə biləcək.

Dövlət Şurasının fəaliyyəti və sədri

Dövlət Şurasının fəaliyyətini onun aparat rəhbəri təmin edəcək. Dövlət Şurasının sədri dövlət başçısına məxsus olan bütün səlahiyyətlərdən və hüquqi toxunulmazlıqdan istifadə edəcək.

Dövlət Şurasına seçkilər hər 7 ildən bir keçiriləcək. Bu müddət ərzində Şura üzvləri də toxunulmazlıq və immunitet hüququna malik olacaqlar.
Zərurət yarandıqda Dövlət Şurası üzvünün mandatı Şura sədri tərəfindən irəli sürülən tələb əsasında və Şura üzvlərinin səsverməsi ilə dayandırıla bilər.

Dövlət Şurası üzvləri bu orqanda fəaliyyət göstərdikləri müddətdə hər hansı digər fəaliyyətdə (elmi-pedaqoji iş istisna olmaqla) iştirak edə bilməzlər və yalnız Dövlət Şurasına tabe olacaqlar.

2. İcra hakimiyyəti

İcra hakimiyyətinə ölkənin baş naziri rəhbərlik edəcək. Baş nazir parlament seçkilərinin nəticələrinə əsasən, ən çox səs toplamış partiyanın nümayəndəsi olacaq.
Baş nazirə dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsinə cavabdeh olan hökuməti formalaşdırmaq səlahiyyəti veriləcək.

3. Qanunverici hakimiyyət

Qanunverici hakimiyyət parlament tərəfindən həyata keçiriləcək. Parlament ümumxalq seçkiləri yolu ilə hər 7 ildən bir formalaşdırılacaq.

Parlament hökumətin fəaliyyətinə dair hesabatları dinləyəcək, sosial-iqtisadi siyasətin həyata keçirilməsinə cavabdeh olan nazirləri baş nazirin təqdimatı ilə (güç strukturlarının rəhbərləri istisna olmaqla) təsdiq edəcək.

4. Məhkəmə hakimiyyəti

Məhkəmə hakimiyyətini, əvvəlki kimi, ölkənin Ali Məhkəməsi və ona tabe olan strukturlar həyata keçirəcək.

Belə dəyişikliklər ölkəni prezident respublikasından parlament respublikasına keçirəcək, bu da hakimiyyət üzərində effektiv nəzarət mexanizmini təmin edəcək.
Bu islahatlar avtoritarizm və təkhakimiyyətçiliyin təməlini xeyli dərəcədə neytrallaşdıracaq, eyni zamanda dövlətin fəaliyyətinə ictimai nəzarəti gücləndirəcək.

Bununla yanaşı, bu sistem demokratik seçkilərin keçirilməsinə şərait yaradacaq, bu da ölkənin beynəlxalq imicini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, müxtəlif siyasi qüvvələrin fəaliyyətinə geniş imkanlar açacaq və nəticədə vətəndaş cəmiyyətinin əsaslarını möhkəmləndirəcək.

Ramiz Mehdiyev —
AMEA akademiki".