Ağstafada 6 noyabr - Televiziya və Radio İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə televiziya əməkdaşları ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, məsul şəxslər və ölkənin aparıcı televiziyalarının yerli nümayəndələri iştirak ediblər. RİH başçısı təbriklərini çatdıraraq, dövlətimizin ölkədə media azadlığının təmin edilməsinə, kütləvi informasiya vasitələrinin, o cümlədən televiziya və radio sahəsinin inkişafına, bu sahənin əməkdaşlarına göstərdiyi davamlı diqqət və yüksək qayğıdan söz açıb. Qeyd olunub ki, hər il noyabrın 6-sı Azərbaycanda Televiziya və Radio İşçilərinin Peşə Bayramı Günü kimi yüksək səviyyədə qeyd olunur. Xüsusilə bu il – 2026-cı ildə Azərbaycan radiosunun yaradılmasının 100 illik yubileyi tamam olur. Bu möhtəşəm yubiley və peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, ölkəmizdə medianın inkişafında xidmətləri olan bir qrup teleradio və media işçisi fəxri adlar və medallarla təltif ediliblər. Torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra dövlətin teleradio sahəsinə diqqətinin ən mühüm istiqamətlərindən biri Qarabağ və Şərqi Zəngəzurda teleradio yayımının bərpası oldu. Qısa müddət ərzində Şuşa, Kəlbəcər, Laçın, Xankəndi və digər bölgələrdə teleradio stansiyaları tikildi, ən müasir avadanlıqlar quraşdırıldı. Müntəzəm olaraq kütləvi informasiya vasitələrinin, o cümlədən televiziya kanallarının maddi-texniki bazasının möhkəmləndirilməsi, işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün dövlət büdcəsindən maliyyə vəsaitləri ayrılır. 

Görüşdə iştirak edən televiziya əməkdaşları dövlətin onlara göstərdiyi diqqət və qayğının həm özlərinin, həm də həmkarlarının peşə fəaliyyətini daha yüksək səviyyədə yerinə yetirmələri üçün böyük stimul yaratdığını vurğulayıblar. 

Sonda xatirə şəkilləri çəkdirilib.