Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı və “Kliniki Tibbi Mərkəz” Publik Hüquqi Şəxsinin (PHŞ) birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən “Kliniki Tibbi Mərkəz” PHŞ-in direktoru Musa Abbasov Zəfər Gününün tarixi və mənəvi-fəlsəfi əhəmiyyətindən bəhs edib. O bildirib ki, Zəfər Günü yalnız hərbi qələbənin ildönümü deyil, həm də xalqımızın əsrlər boyu qoruyub saxladığı milli iradənin, azadlıq eşqinin və dövlətçilik təfəkkürünün təntənəsidir. Mərkəzin direktoru vurğulayıb ki, bu tarixi Qələbənin təməlində xalqımızın sarsılmaz birlik və həmrəylik ruhu, Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi və xalq-dövlət birliyi dayanır.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında Zəfər Gününün xalqımızın milli qürur və iftixar rəmzinə çevrildiyini qeyd edərək, otuz ilə yaxın davam edən işğala son qoyulmasının, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş hərbi və siyasi nailiyyətlərin tarixi əhəmiyyətini diqqətə çatdırıb. O, 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa olunmasının bu tarixi prosesin mühüm mərhələsi olduğunu vurğulayıb.
Azər Süleymanov bildirib ki, böyük Qələbənin əldə olunması uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, müasir və peşəkar ordunun formalaşdırılması, müdafiə sənayesinin inkişafı və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi Zəfəri şərtləndirən əsas amillər kimi qeyd olunub.
Çıxışında gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyinə də toxunan rayon təşkilatının sədri bu istiqamətdə təhsil və ictimaiyyət nümayəndələrinin üzərinə düşən məsuliyyəti vurğulayıb. O, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar sahədə, eləcə də işğaldan azad edilmiş ərazilərin bərpası və dirçəldilməsi istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı İlham Məmmədov çıxışında Vətən müharibəsi zamanı Azərbaycan səhiyyə işçilərinin göstərdiyi fədakarlıq, peşəkarlıq və qəhrəmanlıqdan ətraflı bəhs edib. O bildirib ki, döyüş meydanında yaralanan hərbçilərimizin həyatının xilas edilməsi üçün həkimlər, tibb bacıları və digər tibb işçiləri ən ağır və təhlükəli şəraitdə gecə-gündüz yorulmadan çalışıblar.
Deputat vurğulayıb ki, tibb işçiləri döyüş bölgələrində həyatlarını təhlükə altına ataraq yaralı əsgərlərə vaxtında tibbi yardım göstərib, onların həyata qaytarılması üçün əllərindən gələni əsirgəməyiblər. Onların nümayiş etdirdikləri yüksək peşəkarlıq, fədakarlıq və mənəvi güc Vətən müharibəsində qazanılan tarixi Qələbənin mühüm tərkib hissələrindən biri olub.
“Kliniki Tibbi Mərkəz”in baş həkimi, ərazi partiya təşkilatının sədri Hüseyn Məsimov da çıxışında səhiyyə işçilərinin Vətən müharibəsi dövründəki fədakar xidmətlərini ehtiramla xatırladıb. O, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə səhiyyə və humanitar sahələrdə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb, həmçinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin əməkdaşlarını əhatə edən yeni əməkhaqqı islahatlarını müsbət qiymətləndirib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.































.jpg)








.jpg)






.jpg)




