"Aqrar sektorda yerli aqrotexnika istehsalının dəstəklənməsi üçün güzəştlərin tətbiqi, ikinci əl avtomobil satışında və təkrar mənzil satışlarında ƏDV-nin ticarət əlavəsindən hesablanması və digər təşviqlərin verilməsi yeni təkliflər sırasındadır. Nağdsız əməliyyatlar üzrə ƏDV-nin 50%-nin qaytarılmasının əhatə dairəsinin genişlənməsi, səhiyyə və kənd təsərrüfatı da daxil olmaqla bir sıra sahələrdə mövcud güzəştlərin müddətinin uzadılması nəzərdə tutulur. Buğdanın idxalı və satışı, buğda unu və çörəyin, heyvan və quş ətinin, həmçinin yem və yem əlavələrinin satışı üzrə ƏDV-dən azadolmaların tətbiq müddətinin daha 3 il uzadılması təklif olunur. Bu azadolmaların müddətlərinin uzadılması sahibkarlıq subyektlərinə göstərilən vergi dəstəyinin davamlılığının təmin edilməsinə yönəlib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
Xidmət rəisi bildirib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafının dəstəklənməsi məqsədilə uzun illərdir geniş vergi güzəştləri tətbiq olunur: "Bu güzəştlərin sektora təsiri, əldə olunan nəticələr və onların iqtisadi səmərəliliyi Dövlət Vergi Xidməti və aidiyyəti dövlət qurumları
tərəfindən mütəmadi olaraq təhlil edilir və qiymətləndirilir. Aparılmış təhlillər göstərir ki, ötən dövr ərzində kənd təsərrüfatı sektoru əhəmiyyətli inkişaf yolu keçib. Tətbiq olunan vergi güzəştləri bu inkişafın dəstəklənməsində, sahənin iqtisadi potensialının güclənməsində və gəlirliliyinin artmasında mühüm rol oynayıb. Əldə olunan nəticələr və sektorun mövcud inkişaf səviyyəsi kənd təsərrüfatında vergitutmaya yeni yanaşmanın tətbiqi üçün imkanların formalaşdığını göstərir. Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliklər təklif olunur. Layihəyə əsasən aqrar sahədə uzun illər tətbiq olunan 100%-lik tam vergi azadolması ləğv edilir və onu 2027-ci il yanvarın 1-dən 5 il müddətinə 90%-lik güzəşt mexanizmi əvəz edir. Yəni qısaca desək, istehsalçıların əldə etdiyi gəlir və ya mənfəətin yalnız 10%-i ümumi qaydada vergiyə cəlb olunacaq. Bundan başqa, sadələşdirilmiş vergi üzrə tam vergi azadolması müəyyən edilmiş şərtlər daxilində daha 5 il müddətinə saxlanılacaq. Onu da qeyd edim ki, kənd təsərrüfatı güzəştlərindən istifadə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində uçota alınma və əməliyyatların vergi hesabatlarında bəyan edilməsi ilə şərtləndiriləcək. Qarşıdakı il üçün daha bir güzəşt mexanizmi təklif edilir. Bu heyvandarlıq sektoru üzrə idxal güzəştidir. Belə ki, kökəltmə məqsədilə heyvanların idxalı 3 il müddətinə ƏDV-dən azad ediləcək".
Anar Kəlbiyev




.jpg)
.webp)



.jpg)
.jpg)







.jpg)


























