Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Samux Rayon Heydər Əliyev Mərkəzində gənclərin iştirakı ilə “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə “Vətən Müharibəsi Qəhrəmanı” xüsusi fərqlənmə nişanı ilə təltif olunmuş Hüseynov Əli Rəşid oğlu və ehtiyatda olan polkovnik, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Şıxalıyev Aydın Qəşəm oğlu iştirak ediblər.

Görüş zamanı qonaqlar öz keçdikləri şərəfli döyüş yollarından, Vətən uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıq nümunələrindən bəhs edərək, döyüş xatirələrini gənclərlə bölüşüblər.

Çıxışlar zamanı bildirilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və əmri ilə Vətən müharibəsində iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük şücaət göstəriblər. Qonaqlar döyüşlərə qatıldıqları ilk günlərdən etibarən qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi, çətin döyüş şəraiti, silahdaşları ilə çiyin-çiyinə apardıqları mübarizə və tarixi Zəfərə gedən yol barədə ətraflı danışıblar.

Onlar Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi iradə, cəsarət, birlik və fədakarlığın xalqımızın qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğunu vurğulayıblar. Həmçinin gənclərə vətənpərvərliyin, Vətənə sədaqətin, dövlətçilik ənənələrinə bağlılığın və milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyəti barədə tövsiyələr veriblər.

Səmimi söhbət şəraitində davam edən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb, Vətənə xidmətin hər bir vətəndaşın müqəddəs borcu olduğu diqqətə çatdırılıb. Qonaqlar gənclərə ölkəmizin tarixi Zəfərinin mahiyyətini dərindən öyrənməyi, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığını daim ehtiramla yad etməyi tövsiyə ediblər.

Tədbirin sonunda qəhrəmanların keçdiyi döyüş yolunun, göstərdikləri şücaətin və Vətənə xidmət nümunələrinin gənc nəslə çatdırılmasının vacibliyi qeyd olunub.

Tədbirin əsas məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, qəhrəmanlıq tariximizin təbliği və Vətən müharibəsi iştirakçılarının döyüş təcrübəsinin gənclərlə bölüşülməsi olub.