Moskva "3+3" regional məsləhət formatı (Azərbaycan, Ermənistan və Gürcüstan, həmçinin Rusiya, İran və Türkiyə) çərçivəsində görüşün yaxın gələcəkdə baş tutacağına ümid edir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Bu platformanın iştirakçıları birləşdirici gündəliyi irəli aparmaq barədə razılığa gəliblər. Ümid edirik ki, bu format çərçivəsində növbəti görüş yaxın gələcəkdə baş tutacaq", – deyə Lavrov Avrasiya Təhlükəsizliyinə dair Dördüncü Minsk Beynəlxalq Konfransının yüksək səviyyəli plenar iclasında çıxışı zamanı deyib.

Cənubi Qafqaz və Yaxın Şərqdə əməkdaşlıqla bağlı məsləhətləşmələr aparmaq məqsədilə altı tərəfli formatın (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) yaradılması təklifi 2020-ci ilin sonlarında Azərbaycan və Türkiyə prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Gürcüstan bu formatda iştirak etməyə dəfələrlə dəvət olunsa da, hələ ki, onun fəaliyyətinə qoşulmayıb.

Platformanın ilk iclası 2021-ci ilin dekabrında Moskvada, xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib. İkinci görüş – eyni zamanda xarici işlər nazirləri səviyyəsində baş tutan ilk toplantı – 2023-cü ilin oktyabrında Tehranda keçirilib. Bu format çərçivəsində sonuncu görüş isə 2024-cü il oktyabrın 18-də İstanbulda baş tutub.

Qeyd edək ki, növbəti görüşün Azərbaycan və ya Ermənistanda baş tutacağı gözlənilir.

Ağarza Elçinoğlu