Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi çərçivəsində həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Unikal" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi qərara alınıb.
Növbəti iclas noyabrın 13-nə təyin olunub.
Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi üzrə ittiham olunurlar.
***
10:03
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin cinayət işi üzrə bu gün məhkəmə prosesi başlanacaq.
"Unikal" xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Vüqar Quliyevin sədrlik etdiyi kollegiyada araşdırılacaq.
Qeyd edək ki, Əli Kərimli və müavininin işi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən istintaq olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb.
İstintaq orqanı yaxın günlərdə topladığı dəlil və sübutları ittiham aktı ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərəcək.
Bu maddənin sanksiyasında 20 ilə kimi və ya işin hallarından asılı olaraq ömürlük həbs cəzası nəzərdə tutulur.
Ə.Kərimli və M.İbrahim ötən il Prezidnent Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq həbs edilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Murad Aslanovun sədrlik etdiyi kollegiyada Ramiz Mehdiyevin barəsində hökm elan edilib.
Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tədbiq edilib.
Mehdiyevin mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi qərara alınıb.
Həmçinin hökmdə qeyd olunub ki, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.
Bundan başqa, Ramiz Mehdiyevin əmlakları barəsində dövlət nəfinə keçirilməklə xüsusi müsadirə tətbiq edilib.(Teleqraf)



















.webp)





























