Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri Rusiya Federasiyasının Kalmıkiya Respublikasında keçirilən “Qlobal dəyişikliklər və su ehtiyatlarının çatışmazlığı kontekstində Xəzər regionu: təşəbbüslər və təkmilləşdirmələr” mövzusunda beynəlxalq ekspert dialoqunda iştirak ediblər.

"Unikal" xəbər verir ki, B.B. Qorodikov adına Kalmık Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə ATMU-nu Elmi tədqiqatlar bölməsinin rəhbəri, Turizm işi kafedrasının dosenti Novruz Quliyev, Elmi tədqiqatlar bölməsinin baş mütəxəssisi, Mehmanxana və restoran işi kafedrasının baş müəllimi Həlilə Məmmədova və həmin kafedranın baş müəllimi Samir Babazadə təmsil ediblər.

Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın universitet və elmi-tədqiqat mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi ekspert dialoqunda Xəzər dənizinin mövcud vəziyyəti, su ehtiyatlarının çatışmazlığının ekologiya, iqtisadiyyat və turizmə təsiri, eləcə də regionun dayanıqlı inkişaf perspektivləri müzakirə olunub.

Tədbirin plenar iclasında ATMU-nun nümayəndəsi Novruz Quliyev çıxış edərək universiteti təmsil edib. O, Həlilə Məmmədova və Samir Babazadə ilə birgə hazırladığı “Qonaqpərvərlik sənayesi üçün kadr hazırlığı və Xəzəryanı region ölkələrində su çatışmazlığı fonunda turizmin inkişafı” mövzusunda məruzəni təqdim edib.

Bununla yanaşı, Samir Babazadə “Azərbaycanın Xəzəryanı turistik destinasiyalarının dayanıqlı inkişafı” mövzusunda çıxış edib. ATMU nümayəndələri turizmin inkişafı, ekoloji təhlükəsizlik və sosial-iqtisadi təşəbbüslərlə bağlı müzakirələrdə də fəal iştirak ediblər.

Səfər çərçivəsində ATMU nümayəndə heyəti Kalmık Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin əməkdaşları ilə görüş keçirib. Görüşdə elmi-tədqiqat əlaqələrinin genişləndirilməsi, birgə məqalələrin hazırlanması, elmi layihələrin həyata keçirilməsi və akademik əməkdaşlıq imkanları müzakirə olunub.

Səfərin mühüm nəticələrindən biri ATMU ilə Kalmık Dövlət Universiteti arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində əldə olunan razılaşmalar olub. Belə ki, birgə elmi-tədqiqat mövzularının işlənməsi, magistr dissertasiyalarının hazırlanması və ikili diplom proqramı üzrə danışıqlara başlanılması barədə razılıq əldə edilib. Həmçinin yaxın iki həftə ərzində tərəflər arasında onlayn görüşün keçirilməsi və birgə elmi seminarın təşkili nəzərdə tutulub.

Bundan əlavə, Azərbaycan Ekoturizm Assosiasiyası ilə Kalmık Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb