Noyabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin yeni tərkibdə ilk iclası keçirilib.

"Unikal" xəbər verir ki, YAP Gənclər Birliyinin sədri Gülüstan Kərimli Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərə diqqət çəkərək bildirib ki, informasiya mühitində baş verən dəyişikliklər və müxtəlif ideoloji təsirlərin artdığı şəraitdə gənclərin milli maraqlar, dövlətçilik prinsipləri və milli-mənəvi dəyərlər əsasında formalaşması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, gənclər arasında sistemli maarifləndirmə işinin aparılması və zərərli ideoloji təsirlərə qarşı müqavimətin gücləndirilməsi mühüm vəzifələrdəndir.

İclasda Gənclər Birliyinin qarşıdakı dövr üçün Tədbirlər Planı müzakirə olunub.

Ali təhsil müəssisələrində fəaliyyət göstərən “YENİ Klub”ların əhatə dairəsinin genişləndirilməsi, gənclərin liderlik və təşəbbüskarlıq bacarıqlarının inkişafı, eləcə də rəqəmsal və sosial mövzulara dair maarifləndirici layihələrin təşkili ilə bağlı təkliflər irəli sürülüb və müvafiq qərarlar qəbul edilib.