Ağstafada ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçməyə hazır olan, döyüş meydanlarında adları dastana çevrilən igid qazilərimizlə növbəti görüş baş tutub.
"Unikal" xəbər verir ki, çay süfrəsi ətrafında təşkil olunan görüşdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və qazilərimiz iştirak ediblər.
RİH başçısı çıxış edərək hər kəsi qarşıdan gələn tarixi Zəfər Günü münasibətilə təbrik edib, Vətən uğrunda şəhidlərimizin və qazilərimizin göstərdiyi şücaətin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu vurğulayıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, eləcə də cəmi 23 saat ərzində ölkəmizin suverenliyini tam bərpa edən lokal xarakterli antiterror tədbirləri, xalqımızın yaddaşına xilaskar rəhbər kimi həkk olunmuş Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin və əsasını qoyduğu ordu quruculuğunun təntənəsidir. Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən rəşadətli Ordumuz və xalqımız "Dəmir yumruq" altında birləşərək 30 illik işğala son qoydu. Beləliklə, 8 Noyabr dövlətimizin qətiyyətinin, şanlı ordumuzun qəhrəmanlığının və şəhidlərimizin qanı bahasına qazanılmış xalqımızın əbədi qürur günüdür. Hazırda dövlətimiz tərəfindən müharibə iştirakçılarına, qazilərə və şəhid ailələrinə göstərilən diqqət və qayğı hər zaman ən yüksək səviyyədədir.
Görüşdə çıxış edən qazilərimiz döyüş meydanlarından xatirələrini bölüşüb, igid Azərbaycan əsgərinin şanlı döyüş yollarına bir daha nəzər salıblar. Onlar xüsusi dövlət qayğısına və diqqətinə görə minnətdarlıqlarını bildiriblər. Sonda qəhrəman qazilərimizlə xatirə şəkilləri çəkdirilib.
Azərbaycan xalqının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimiz, sağlamlığını itirmiş qazilərimiz və rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, Vətən sizə minnətdardır!























.webp)
























