İspaniyanın “Tenerife” klubunun futbolçusu Xesus de Migel 30 yaşında vəfat edib.
"Unikal" İspaniya klubunun rəsmi saytına istinadla xəbər verir ki, futbolçu noyabrın 3-də yerli vaxtla saat 08:00-da dünyasını dəyişib.
Hadisə Sequndanın XII turu çərçivəsində keçirilən və 2:2 hesabı ilə başa çatan “Tenerife” – “Andorra” matçında baş verib. Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə “Andorra”nın qapıçısı Xesus Ovono top uğrunda mübarizədə rəqib komandanın hücumçusu Xesus de Migelə qarşı kobud oynayıb. Buna görə hakim qolkiperə birbaşa qırmızı vərəqə göstərib.
Müdaxilədən sonra meydanda yerdə qalan futbolçunun huşunu itirdiyi müəyyənləşib. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Xesus de Migelin ürək və tənəffüs dayanması keçirdiyi bildirilmişdi. Daha sonra klub futbolçunun nevroloji vəziyyətinin pisləşdiyini açıqlamışdı.
“Tenerife” klubu yaydığı başsağlığı müraciətində futbolçunun vəfatı ilə əlaqədar dərin hüznünü ifadə edib, onun ailəsinə və yaxınlarına dəstək olduğunu bildirib.
Qeyd edək ki, mərhum futbolçunun ailəsi göstərilən dəstəyə görə təşəkkür edib və bu ağır günlərdə şəxsi həyatlarına hörmətlə yanaşılmasını xahiş edib.















.webp)


































