Xəbər verdiyimiz kimi, cari il sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən “Şəki Yaylası” Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. 

"Unikal" xəbər verir ki, Baş Prokurorluq hadisənin ekspertiza nəticələrini yayıb: 

Aparılmış istintaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ramiz Hüseynovun istirahət mərkəzini idarə etdiyi müddətdə işə vicdansız və laqeyd münasibət göstərərək üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməməsi nəticəsində iki nəfərin ehtiyatsızlıqdan ölümünə səbəb olan səhlənkarlıq etməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq tədbirlərilə əldə olunan sübutlar əsasında, həmçinin, müəyyən olunub ki, “Zipline” kanat yolu üçün nəzərdə tutulmuş qüllənin inşasını bu sahədə müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə şifahi qaydada həvalə edən Ramiz Hüseynov öz rəhbərliyi və birbaşa göstərişləri ilə qülləni qanunsuz inşa etdirib, qüllənin üzərindəki dəmir konstruksiyanın deformasiyaya uğraması nəticəsində kanatlarda dalğalanma yaranıb və sürüşməni təmin edən əsas zipline qurğusu kanatdan çıxıb, kustar üsulla hazırlanmış tormozlama və əlavə təhlükəsizlik vasitəsinin plastik boru hissəsinin kanata keçirilməsi səbəbindən kanatın titrəməsi nəticəsində həmin qurğunun parça hissəsi cırılıb, nəticədə, kanatdan istifadə edən Ucal Bayramov və Coşqun Məmmədzadə hündürlükdən yıxılaraq aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.