Müasir dünyada ölkələrin inkişafını şərtləndirən ən mühüm amillərdən biri insan kapitalıdır. Cəmiyyətin intellektual potensialı, insanların bilik və bacarıqları, peşəkarlıq səviyyəsi, yaradıcı düşüncəsi, liderlik keyfiyyətləri və dəyişən şəraitə uyğunlaşmaq qabiliyyəti dayanıqlı inkişafın əsas göstəriciləri sırasında yer alır.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin insan kapitalının inkişafı, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, təhsilin keyfiyyətinin yüksəldilməsi və idarəetmədə peşəkarlığın gücləndirilməsi istiqamətində müəyyən etdiyi strateji hədəflər xüsusi əhəmiyyət daşıyır.

Prezidentin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində beş əsas prioritetdən birinin “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” kimi müəyyənləşdirilməsi bu istiqamətin dövlət siyasətindəki yerini aydın göstərir.

Sənəddə XXI əsrin tələblərinə uyğun təhsil, müasir kompetensiyaların formalaşdırılması, yaradıcı və innovativ düşüncənin inkişafı, ömürboyu öyrənmə və əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanması mühüm vəzifələr kimi qarşıya qoyulur.

Bu yanaşma Prezidentin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədində də davam etdirilir.

Eyni zamanda, 24 oktyabr 2013-cü il tarixli Sərəncamla təsdiqlənmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, həmçinin 23 noyabr 2018-ci il tarixli Sərəncamla təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya” peşəkar kadr potensialının formalaşdırılması və inkişaf etdirilməsi baxımından mühüm istiqamətləri müəyyən etmişdir.

Bütün bunlar göstərir ki, insan kapitalına yönəlmiş inkişaf yanaşması yalnız peşə biliklərinin artırılması ilə məhdudlaşmır. Müasir mütəxəssis həm də müstəqil düşünməyi, məsuliyyətli qərarlar qəbul etməyi, insanlarla səmərəli ünsiyyət qurmağı, öz fəaliyyətini qiymətləndirməyi və davamlı inkişaf etməyi bacarmalıdır.

İstər təhsil və səhiyyədə, istər dövlət qulluğunda, istərsə də biznes və digər fəaliyyət sahələrində bu bacarıqların inkişaf etdirilməsi getdikcə daha böyük əhəmiyyət kəsb edir.

Məhz bu kontekstdə şəxsi və peşəkar inkişafın müasir yanaşmalarından biri olan kouçinqin mahiyyətinin düzgün anlaşılması, onun nəzəri əsaslarının öyrənilməsi və peşəkar tətbiq imkanlarının araşdırılması aktuallıq qazanır.

Geridə qoyduğumuz 2026-cı ilin oktyabr ayı ölkəmizin mədəni və intellektual həyatında əlamətdar hadisələrlə yadda qaldı.

Belə hadisələrdən biri də 21–27 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi oldu.

Müxtəlif ölkələrdən nəşriyyatları, yazıçıları, alimləri və kitabsevərləri bir araya gətirən bu beynəlxalq tədbir yeni nəşrlərin təqdimatı, elmi-intellektual mübadilə və mütaliə mədəniyyətinin təşviqi baxımından əhəmiyyətli platforma rolunu oynadı.

Sərgi çərçivəsində diqqətimi çəkən nəşrlərdən biri də oktyabrın 24-də təqdimatı keçirilən, azərbaycanlı müəllif, psixoloq, peşəkar kouç və təlimçi Şamama Ağamuradovanın “Öz gücünü kəşf et. Kouçinqin əsasları və peşəkar yanaşma” kitabıdır.

Əsərin əhəmiyyəti yalnız yeni bir kitabın nəşr edilməsi ilə məhdudlaşmır. Burada söhbət Azərbaycan dilində kouçinqin mahiyyətinin, peşəkar prinsiplərinin və metodoloji əsaslarının sistemli şəkildə təqdim edilməsindən gedir.

Bu məqamı xüsusilə vurğulamaq istərdim.

Azərbaycan dilində kouçinqə dair peşəkar biliklərin yerli mütəxəssis tərəfindən qələmə alınması, həmin biliklərin yalnız şəxsi inkişafla maraqlanan şəxslərə deyil, geniş oxucu və peşəkar auditoriyaya ünvanlanması mühüm təşəbbüsdür.

Rəy verdiyim “Öz gücünü kəşf et. Kouçinqin əsasları və peşəkar yanaşma” kitabını nəzərdən keçirərkən onun bir sıra mühüm cəhətlərini xüsusi qeyd etməyi zəruri hesab etmişəm.

İlk növbədə, əsərin nəzəri-metodiki vəsait kimi hazırlanması diqqəti cəlb edir.

Müəllif kouçinqi yalnız motivasiya, ruhlandırma və ya məsləhətvermə vasitəsi kimi təqdim etmir. Əksinə, onun mahiyyətini, peşəkar münasibətlərin qurulmasını, etik prinsiplərini, məqsədyönlü əməkdaşlığı və insanın öz qərarlarını müstəqil qəbul etməsinə dəstək mexanizmlərini ardıcıl şəkildə izah edir.

Kitabda kouçinqin digər yardım formalarından fərqləri, kouçun peşəkar mövqeyi, qarşılıqlı etimad, fəal dinləmə, sualvermə, məqsədlərin müəyyənləşdirilməsi, motivasiya və fəaliyyətin planlaşdırılması kimi məsələlər sistemli şəkildə araşdırılır.

Pedaqoji baxımdan əsərin mühüm üstünlüklərindən biri oxucunun passiv məlumat qəbul edən tərəf kimi deyil, düşünən, müqayisə aparan və öz nəticələrini formalaşdıran şəxs kimi nəzərdə tutulmasıdır.

Fəsillərin sonunda verilən düşündürücü suallar, təlim məqsədli nümunələr və izahlar nəzəri biliklərin mənimsənilməsini asanlaşdırmaqla yanaşı, onların praktik vəziyyətlərlə əlaqələndirilməsinə də imkan yaradır.

Digər mühüm məqam müəllifin peşəkar etika məsələlərinə münasibətidir. Əsərdə insanın şəxsiyyətinə, fərdi seçimlərinə və müstəqilliyinə hörmət, məxfiliyin qorunması, peşəkar sərhədlərin müəyyənləşdirilməsi xüsusi yer tutur.

Müəllifin insanlarla iş sahəsində topladığı təcrübə kitabın məzmununda da hiss olunur. Xüsusilə insanın real imkanlarının, həyat şəraitinin, fərdi resurslarının və məsuliyyətinin nəzərə alınması əsərin metodiki dəyərini artırır.

Bu baxımdan kitabı yalnız nəzəri məlumat mənbəyi deyil, həm də peşəkar düşüncə mədəniyyətinin formalaşdırılmasına xidmət edən vəsait kimi qiymətləndirmək olar.

Azərbaycan dilində metodiki ədəbiyyatın əhəmiyyəti

Hər bir elm və peşə sahəsinin inkişafı üçün beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. Lakin həmin biliklərin milli təhsil mühitinə uyğunlaşdırılması, ana dilində sistemləşdirilməsi və geniş auditoriyanın istifadəsinə təqdim edilməsi də az əhəmiyyət daşımır.

Xüsusilə insanlarla ünsiyyətə, düşüncə prosesinə və davranışların anlaşılmasına əsaslanan sahələrdə terminologiyanın düzgün formalaşdırılması və metodiki izahların aydınlığı mühüm rol oynayır.

Şamama Ağamuradovanın kitabını bu baxımdan Azərbaycan dilində peşəkar kouçinq ədəbiyyatının zənginləşdirilməsinə yönəlmiş diqqətəlayiq müəllif təşəbbüsü hesab edirəm.

Əsər həm kouçinqi yeni öyrənməyə başlayan şəxslər, həm müəllimlər, təlimçilər, psixoloqlar, rəhbərlər, insan resursları üzrə mütəxəssislər, həm də şəxsi inkişafla maraqlanan geniş oxucu kütləsi üçün faydalı bilik mənbəyi ola bilər.

Bu təşəbbüsün davamı olaraq müəllifin “Öz gücünü kəşf et. Kouçinq texnikaları və praktik sessiya nümunələri” adlı ikinci kitab üzərində işi də yekunlaşdırması diqqətəlayiqdir.

Birinci kitabda kouçinqin nəzəri və peşəkar əsasları sistemləşdirildiyi halda, ikinci kitabda praktik dialoqlar, sessiya nümunələri və texnikaların tətbiqinə dair yanaşmalar ön plana çıxarılır.

Beləliklə, nəzəri-metodiki və praktik-metodiki istiqamətlərin bir-birini tamamlaması oxucuya mövzunu ardıcıl öyrənmək üçün imkan yaradır.

Bu cür nəşrlərin hazırlanması peşəkar biliklərin ana dilində əlçatanlığını artırmaqla yanaşı, milli metodiki ədəbiyyatın inkişafı və gələcək mütəxəssislərin hazırlanması baxımından da əhəmiyyətlidir.

İnsan kapitalının inkişafı bilik mənbələrindən başlayır

Bu gün insan kapitalının inkişafından danışarkən yalnız yeni iş yerlərinin yaradılmasını, texnologiyaların tətbiqini və ya ixtisas biliklərinin artırılmasını nəzərdə tutmaq kifayət deyil.

İnsanın öz potensialını dərk etməsi, düzgün məqsədlər müəyyənləşdirməsi, müstəqil düşünməsi, peşəkar münasibətlər qurması və davamlı inkişaf etməsi də mühüm əhəmiyyət daşıyır.

Kouçinq bu bacarıqların inkişafına dəstək verə bilən yanaşmalardan biridir. Lakin ondan səmərəli istifadə etmək üçün metodoloji biliklərə, peşəkar hazırlığa və etik məsuliyyətə ehtiyac vardır.

Azərbaycan dilində bu sahəyə aid nəzəri və praktik metodiki vəsaitlərin hazırlanması məhz belə bir ehtiyacın qarşılanmasına xidmət edir.

Hesab edirəm ki, Şamama Ağamuradovanın “Öz gücünü kəşf et” kitabı bu istiqamətdə dəyərli təşəbbüsdür. Müəllifin peşəkar təcrübəsini Azərbaycan dilində sistemli və anlaşıqlı formada təqdim etməsi əsərin tədris, maarifləndirmə və peşəkar inkişaf baxımından əhəmiyyətini artırır.

2026-cı ilin oktyabr ayında XII Bakı Beynəlxalq Kitab Sərgisində keçirilən təqdimat da bu baxımdan yalnız bir müəllifin yaradıcılıq uğuru deyil, Azərbaycan dilində peşəkar kouçinq ədəbiyyatının inkişafı istiqamətində atılmış addım kimi dəyərləndirilə bilər.

Unutmamalıyıq ki, insan kapitalının inkişafı yalnız peşəkar kadrların hazırlanmasından deyil, həm də həmin kadrların yetişməsinə xidmət edən elmi, nəzəri və metodiki bilik mənbələrinin yaradılmasından başlayır.

Belə mənbələrin sayı artdıqca cəmiyyətimizdə peşəkar inkişaf mədəniyyətinin möhkəmlənməsi, müasir biliklərin yayılması və insan potensialının daha səmərəli reallaşdırılması üçün yeni imkanlar yaranacaqdır.

Rüfət Lətif oğlu Hüseynzadə
Pedaqoji elmlər doktoru, professor