Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və metallurgiya fakültəsinin 8 tələbəsinə Bakı Gəmiqayırma Zavodunun yay təcrübə proqramında iştiraklarına görə sertifikatlar təqdim olunub.

"Unikal" xəbər verir ki, görüş zamanı zavodun Tədris Mərkəzinin rəhbəri Nəcəf Mustafayev bildirib ki, proqramda iştirak edən AzTU-nun maşın mühəndisliyi ixtisası üzrə təhsil alan Aysel Qədirli, eləcə də cihaz mühəndisliyi ixtisası üzrə təhsil alan Rəşad Behbudov və Nihat Camıyev artıq müəssisədə yarımştat işlə təmin olunublar.

Nəcəf Mustafayev, həmçinin ötən tədris ilində istehsalat təcrübəsini Bakı Gəmiqayırma Zavodunda keçən, AzTU-nun Maşınqayırma və metallurgiya fakültəsinin sənaye mühəndisliyi ixtisası üzrə məzunu Aydan Hüseynovanın da müəssisədə mühəndis-konstruktor vəzifəsində əmək fəaliyyətinə başladığını qeyd edib.

AzTU-nun Karyera və məşğulluq mərkəzinin müdiri Ülviyyə Rəsulova və Maşınqayırma və metallurgiya fakültəsinin dekanı Malik Qarayev tələbələr üçün təcrübə və məşğulluq imkanlarının yaradılmasına görə Bakı Gəmiqayırma Zavodunun rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, hazırda Bakı Gəmiqayırma Zavodunda AzTU-nun 56 məzunu müxtəlif vəzifələrdə çalışır.