"Son illər R42 Biləsuvar-Bəhrəmtəpə yolunun adı ağır yol-nəqliyyat hadisələri ilə bağlı tez-tez eşidilir. Ən son hadisə dünən baş verib. "Mercedes"i aşıran sürücü ağır xəsarət alıb, sərnişini isə dünyasını dəyişib".
"Unikal" xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, bu yol respublika əhəmiyyətli ən yaxşı yollarımızdan biridir:
"Vətən müharibəsindən bir neçə ay əvvəl bərpa edilib. II texniki dərəcəli yolun texniki göstəriciləri də qaydasındadır. Standarta uyğun endə zolaqlar, rahat və enli yol çiyinləri, nişanlar, xətlər və s. Vətən müharibəsi zamanı döyşən Ordumuzun logistik təminatında, Zəfərdən sonra isə Şərqi Zəngəzurun və Qarabağın Cənubunun bərpası işlərinin logistik təminatında bu yolun mühüm əhəmiyyəti var. Yol faktiki olaraq həm də beynəlxalq əhəmiyyətlidir. İrandan Gürcüstan istiqamətinə gedən və geri qayıdan xeyli yük avtomobilləri bu yoldan istifadə edir. Biləsuvar-Bəhrəmtəpə yolunu belə rahat görən sürücülərin əksəriyyəti çıxırlar qaz pedalının üstünə. Həmin yol isə qarşılıqlı hərəkət olan 2 zolaqdan ibarətdir. Yolun kənarında kəndlər, fermalar, əkin sahələri var. Yolun döngələri də çoxdur. Bir neçə kəndin ortasından keçir və s. Orada sürət həddi yaşayış məntəqələrində 60 km/saat, yaşayış məntəqələrindən kənarlarda 90 km/saat, bir neçə təhlükli döngə olan sahələrdə isə səhv etmirəmsə, 70 km/saat müəyyən edilib. Qeyd etdiyim kimi, bu yol avtomagistral deyil, II texniki dərəcəli gözəl bir yoldur. Müəyyən edilən sürət həddi ilə hərəkət etdikdə hər şey gözəldir. Təəssüf ki, belə vəziyyəti görən xeyli sürücü sürəti hətta 130-140 km/saat-a da qaldırır. Ona görə də qəza xəbərlərində bu yolun adı tez-tez səslənir.
Hörmətli sürücülər, bunu etməyin. Cəmi 60 km uzunluğu olan bu yolu sürət rejiminə riayət edərək və həyatınızı riskə atan sürətlə getməyiniz arasında ən yaxşı halda 8-10 dəqiqə fərq ola bilər. Axı onsuz da yolun hər yerini yüksək sürətlə getmək mümkün olmayacaq, çünki kəndin içindən keçirsiniz, qabağınıza asta gedən texnika, bəzi yerlərdə mal-qara çıxır və s. Belə olan təqdirdə bir daha düşünün, riyazi məntiqinizi də işə salın. Yüksək sürət sadəcə ölüm riski demək deyil, həm də özünü daimi stress vəziyyətində saxlayaraq sağlamlığa ciddi zərər vurmaqdır, avtomobilin resurslarını daha tez tükəndirməkdir, daha çox yanacaq (enerji) sərf etməkdir, tez-tez cərimə olunmaqdır və s. Ən pisi isə odur ki, yüksək sürət yaranmış qəza şəritində labüd ölüm deməkdir. Ona görə də yola çıxanda həm özünüzü, həm yaxınlarınızı, həm də hər kəsi düşünün. Düşünün ki, əslində tələsmədiyinizə əmin olasınız".
















































