Bu gün - oktyabrın 20-si Azərbaycanda Energetiklər Günüdür. İyirmi iki ildir ki, Azərbaycan energetikləri öz peşə bayramlarını iftixarla qeyd edirlər.

"Unikal" xəbər verir ki, energetiklər Günü ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisə ilə bağlıdır. 45 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerji bloku Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.

Heç kəsə sirr deyil ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirib, bu sahədə misilsiz işlər görüb. Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlib. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektroenergetika üzrə də mükəmməl proqramlar qəbul edilərək reallaşdırılıb. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq, hazırda yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq işlər görülür, eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi nəzərdən keçirilir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti sovet dövründə və müstəqillik illərində bu sahədə görülmüş işləri, əldə edilmiş nəticələri nəinki məntiqi cəhətdən tamamlayır, eyni zamanda, elektroenergetika sisteminin müasir qlobal trendlərə uyğun inkişafını təmin edir. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına 100 faiz nail ola bilib.

Torpaqlarımızın işğaldan azad edilməsi energetiklərin qarşısında yeni vəzifələr qoyur, fəaliyyət planları müəyyənləşdirir. Bu sahədə çalışan insanlar azad edilmiş torpaqlarımızdakı hər evə qayıdış planına uyğun olaraq işıq, enerji, həyat gətirmək üçün daha böyük əzmlə çalışırlar. Bütün bunlar dövlətimizin başçısının həyata keçirdiyi çoxşaxəli inkişaf siyasətinin və bu siyasətdən irəli gələn vəzifələri energetika sektorunda layiqincə yerinə yetirən Azərbaycan energetiklərinin çətin və şərəfli əməyinin bəhrəsi olan bu reallıqlar gələcəyə daha nikbin baxmağa əsas yaradır.

20 Oktyabr - Energetiklər Günü Qazaxda da qeyd edilib. Bu əlamətdar gün münasibətilə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, “Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin Qazax Elektrik Şəbəkəsinin rəisi Şövqi Gözəlov və Şəbəkənin əməkdaşları Ulu Öndər  Heydər Əliyevin adını daşıyan parka gələrək abidə önünə gül dəstələri düzüb, böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Sonra rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyətində elektrik şəbəkəsinin bir qrup əməkdaşı ilə görüşüb. İcra başçısı Rəcəb Babaşov 20 Oktyabr - Energetiklər Günü münasibətilə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov başda olmaqla cəmiyyətin bütün əməkdaşlarını, “Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin Qazax Elektrik Şəbəkəsinin işçilərini, energetikləri təbrik edib, ən xoş arzularını çatdırıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin Qazax Elektrik Şəbəkəsinin rəisi Şövqi Gözəlov onlara göstərilən diqqətə, səmimi münasibətə görə rayon rəhbərliyinə razılığını ifadə edib. Şəbəkə rəisi bundan sonra da vətəndaşların enerji təchizatının tam təmin olunması istiqamətində əllərindən gələni əsirgəməyəcəklərini, daha da məsuliyyətlə çalışacaqlarını bildirib.

20 Oktyabr - Energetiklər Günü münasibətilə Qazax Elektrik Şəbəkəsinin bir qrup əməkdaşı xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.