“Azərenerji” ASC və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə 20 Oktyabr – Energetiklər Gününə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirin məhz Mingəçevirdə keçirilməsi xüsusi rəmzi məna daşıyıb. Azərbaycanın energetiklər şəhəri kimi tanınan Mingəçevir uzun illərdir ölkənin elektroenergetika sisteminin əsas mərkəzlərindən biridir. Burada formalaşmış zəngin energetika ənənələri, böyük enerji obyektləri və energetiklərin əməyi ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək energetikləri peşə bayramı münasibətilə təbrik edib, Mingəçevirin inkişafında energetika sahəsinin və energetiklərin əməyinin mühüm rolunu qeyd edib.

“Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevin 20 Oktyabr – Energetiklər Günü münasibətilə tədbir iştirakçılarına ünvanladığı təbrik müraciəti səsləndirilib. Tədbir çərçivəsində Azərbaycan energetikasının keçdiyi inkişaf yolu, son illərdə “Azərenerji” ASC tərəfindən həyata keçirilən genişmiqyaslı layihələr və enerjisistemin gələcək inkişaf istiqamətləri barədə məlumat verilib.

Bildirilib ki, son illərdə ölkənin elektroenergetika sistemində böyük həcmdə yenidənqurma və modernləşmə işləri həyata keçirilib. Yeni generasiya gücləri yaradılıb, elektrik stansiyaları və yarımstansiyalar tikilib və yenidən qurulub, yüksək gərginlikli ötürücü şəbəkələr müasirləşdirilib, enerjisistemin idarə olunmasında rəqəmsal texnologiyaların tətbiqi genişləndirilib.

Xüsusilə Mingəçevirin ölkənin enerji təminatındakı strateji mövqeyi vurğulanıb. Azərbaycanın energetika tarixində xüsusi yeri olan “Azərbaycan” İstilik Elektrik Stansiyasının 45 illiyinin tamam olduğu qeyd edilib. Bildirilib ki, stansiya ötən 45 il ərzində ölkənin enerji təminatında mühüm rol oynayıb və burada böyük energetika məktəbi formalaşıb.

Eyni zamanda, Mingəçevirdə yaradılmış müasir “8 Noyabr” Elektrik Stansiyasının ölkənin generasiya imkanlarının artırılması, enerjisistemin etibarlılığının və dayanıqlılığının gücləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin eloktroenergetika sahəsində gördüyü işlərə həsr olunan “Müstəqil energetikanın banisi” adlı nümayiş olunub.

20 Oktyabr – Energetiklər Günü çərçivəsində “AzərEnerji” tərəfindən “Azərbaycan enerjisisteminin arxitekturası” kitabının təqdimatı da keçirilib. Tədbirdə energetika sahəsinin inkişafında insan kapitalının xüsusi rolu da vurğulanıb. Peşəkar kadrların hazırlanması, gənc mütəxəssislərin inkişafı, elm, təhsil və istehsal arasında əməkdaşlığın genişləndirilməsinin gələcəyin enerjisisteminin qurulması baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.

Tədbirin sonunda energetika sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı, şəhərin inkişafında xidməti və ictimai həyatda fəal iştirakı ilə fərqlənən əməkdaşlar Fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar. Gənc nəslin energetika sahəsinə marağının artırılması məqsədilə tələbələr də mükafatlandırılıblar.

Tədbirdə bir daha vurğulanıb ki, Azərbaycan energetikasının bugünkü uğurlarının əsasında bu sahədə çalışan insanların bilik və təcrübəsi, peşəkarlığı və fədakar əməyi dayanır.