Avropa İttifaqı (Aİ) Ukraynaya dəstək məqsədilə yaradılmış “Ukraine Facility” mexanizmi çərçivəsində yeddinci müntəzəm maliyyə tranşının ayrılmasını təsdiqləyib.

"Unikal" xəbər verir ki, qərara əsasən, Ukrayna yaxın vaxtlarda təxminən 2,8 milyard avro məbləğində vəsait əldə edəcək. Vəsait Ukraynanın bu tranş üzrə nəzərdə tutulan 20 öhdəlikdən 11-ni uğurla yerinə yetirməsi nəticəsində ayrılıb.

Aİ-nin məlumatına əsasən, Kiyev əvvəlki mərhələlər üzrə bəzi icra olunmamış tədbirləri də tamamlayıb. Belə ki, Ukrayna beşinci tranş üçün tələb olunan bir addımı, həmçinin altıncı tranş üzrə nəzərdə tutulan iki addımı yerinə yetirib. Bununla yanaşı, ölkə “Ukraine Plan” çərçivəsində bəzi islahatları nəzərdə tutulmuş müddətdən daha tez başa çatdırıb. Xüsusilə səkkizinci tranş üzrə iki, doqquzuncu tranş üzrə isə daha iki tədbir vaxtından əvvəl icra olunub.

Avropa Komissiyasının qəbul etdiyi yeni metodologiyaya uyğun olaraq, Ukrayna vaxtından əvvəl yerinə yetirdiyi öhdəliklərə görə ilk dəfə əlavə kompensasiya alacaq. Bu amil də yeddinci tranşın məbləğinin formalaşmasına təsir göstərib.