Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Birləşmiş Krallığa işgüzar səfəri zamanı Edinburq Universitetində Şotlandiyada yaşayan Azərbaycan icması ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüş Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Edinburq Universitetindəki Azərbaycan Tələbə Cəmiyyətinin və “Caspian Circle” təşkilatının birgə təşəbbüsü ilə keçirilib.

Görüşdə Şotlandiyanın Edinburq, Qlazqo, Aberdin, Dundi və Stirlinq şəhərlərindən icma üzvləri, tələbələr, diaspor fəalları və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının və Birləşmiş Krallığın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Komitə sədri icma görüşünə böyük maraq göstərən soydaşlarımızı salamlayaraq, ənənə halını alan belə görüşlərin xaricdəki azərbaycanlıların həmrəyliyinə, diaspor fəaliyyətinin daha da gücləndirilməsinə xüsusi töhfə verdiyini bildirib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işlərindən bəhs edib, regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlara diqqət çəkib. Sədr Azərbaycan həqiqətlərini Şotlandiya ictimaiyyətinə çatdıran, bu istiqamətdə birlik və həmrəylik göstərən icma üzvlərinə minnətdarlığını ifadə edib.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi uzunmüddətli layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu Azərbaycan məktəbləri, soydaşlarımız arasında uğurla gedən icmalaşma prosesi və diaspor fəaliyyətinin digər vacib istiqamətləri barədə müfəssəl məlumat verilib.

Edinburq Azərbaycan Tələbə Cəmiyyətinin rəhbəri Elmar Əmirov və “Caspian Circle” təşkilatının rəhbəri Fuad Ələkbərov çıxış edərək, təmsil etdikləri qurumların fəaliyyəti, məqsəd və prioritetləri barədə məlumat verib, Şotlandiyadakı azərbaycanlı gənclərin təşəbbüsləri, diaspor fəaliyyətinin genişləndirilməsi və milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətindən danışıblar. Bu günədək həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər, tələbə və gənclərin inkişafına yönələn proqramları diqqətə çatdırıblar.

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin birinci katibi Eltay Aslanov çıxışında Şotlandiyadakı diasporumuzun gördüyü işləri yüksək qiymətləndirib.

İcma üzvləri ilə geniş və səmərəli müzakirə aparılıb. Soydaşlarımız ölkəmizin burada təbliğ olunması istiqamətində görülən işlərdən danışıb, gələcək əməkdaşlıq imkanları və diaspor fəaliyyətinin daha da gücləndirilməsinə dair fikir və təkliflərini səsləndiriblər.– 

Çıxışlardan sonra nümayiş olunan ”Qarabağ Azərbaycandır!” videoçarxı böyük maraq və diqqətlə izlənilib.

Soydaşlarımız 28 May - Müstəqillik Günü ərəfəsində təşkil edilən icma görüşünə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürlərini bildiriblər.

Görüşün bədii hissəsində Lids şəhərində yaşayan soydaşımız, xoreoqraf Səkinə Muxtarlının ifasında milli rəqslərimiz iştirakçılara zövqlü musiqi anları yaşadıb.