ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İrana qarşı tətbiq olunan sanksiyalar siyahısını növbəti dəfə genişləndirib.

"Unikal" xəbər verir ki, bu barədə "Interfax" agentliyi məlumat yayıb.

OFAC tərəfindən dərc olunan rəsmi press-relizdə bildirilib:

"Sanksiyalar siyahısına İran neftinin və neft-kimya məhsullarının xarici bazarlara daşınmasında iştirak edən 19 gəmi əlavə edilib. Bundan başqa, sanksiya altında olan İran banklarının adından gizli maliyyə əməliyyatları həyata keçirən ölkənin iri valyuta mübadilə şirkəti - "Ebrahimi and Associates Partnership Company" və onunla əlaqəli digər qurumlar da qara siyahıya salınıb".

Rəsmi sənəddə qeyd olunub ki, atılan bu addımlar OFAC-ın İranın "kölgə bankçılığı" mexanizmlərini ifşa etməyə, həmçinin Tehrana qarşı tətbiq olunan beynəlxalq məhdudiyyətlərdən yayınma cəhdlərinin qarşısını almağa yönəlmiş ardıcıl fəaliyyətinin tərkib hissəsidir.