"İran təslim olmaq barədə hər hansı bir söhbəti rədd edir və hərbi təcavüzə qətiyyətlə müqavimət göstərməyə hazırdır".
"Unikal" xəbər verir ki, bunu İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi ABŞ prezidenti Donald Trampın diplomatiyaya şans vermək üçün İrana hücumların "müvəqqəti" dayandırılması ilə bağlı son açıqlamalarını şərh edərkən bildirib.
"Amerika Birləşmiş Ştatları danışıqlara şans vermək üçün İrana hücumları "müvəqqəti" dayandırdığını deyir, eyni zamanda istənilən an genişmiqyaslı hücuma hazır olduğunu bəyan edir. Bu, "təhdid"i "sülh üçün fürsət" adlandırmaq deməkdir", - deyə İran rəsmisi qeyd edib.
O, İranın birləşdiyini və istənilən hərbi təcavüzü dəf etməyə tam hazır olduğunu vurğulayıb:
"İran birləşmiş və hər hansı bir hərbi təcavüzə müqavimət göstərməyə qətiyyətlə hazırdır. Bizim üçün təslim olmağın heç bir mənası yoxdur: ya qalib gəlirik, ya da şəhid oluruq".
Sonda İran diplomatı şəhid Rəcəb Beiginin sözlərini sitat gətirib: "Biz böyük bir millətik, adımızı tarixə yazın; Bütün rənglərdən qırmızı seçdik və bütün ölümlərdən şəhidliyi seçdik".





















































