Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu və Binəqədi rayon təşkilatlarının nümayəndələri Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində (WUF13) təşkil olunmuş pavilyonları ziyarət ediblər.

"Unikal" xəbər verir ki, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanovun və YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun rəhbərliyi ilə hər iki rayon təşkilatının kollektivi və fəallarından ibarət nümayəndə heyəti tədbirin keçirildiyi Bakı Olimpiya Stadionuna gedərək, burada yerləşən yerli və müxtəlif iştirakçı ölkələri təmsil edən pavilyonlarla yaxından tanış olublar. Pavilyonlar barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, forumun əsas məqsədi qlobal mənzil böhranını müzakirə etmək, dayanıqlı və təhlükəsiz şəhərlər qurmaq üçün ən yaxşı təcrübələri bölüşməkdir. Forum iqlim dəyişikliyi ilə mübarizədə inklüziv şəhər mühitinin yaradılmasını təşviq edir.

Qeyd edək ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun, müasir inkişaf strategiyasının və şəhərsalma sahəsində qazandığı uğurların mühüm göstəricisidir. WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisinin ən böyük milli pavilyonu olan Azərbaycan pavilyonu 1500 kvadratmetr sahəni əhatə edir və ölkəmizin müasir şəhərsalma, eləcə də dayanıqlı inkişaf yanaşmalarını nümayiş etdirir.