7 saylı Bakı “ASAN xidmət” mərkəzində “Milli dəyərlər və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclərlə görüş təşkil olunub. Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov iştirak ediblər.
"Unikal" xəbər verir ki, çıxış edən YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov milli dəyərlərin Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı mənəvi sərvətlərin əsasını təşkil etdiyini bildirib. O qeyd edib ki, müasir Azərbaycan gəncliyi bu dəyərləri qorumaqla yanaşı, onları müasir dünyanın çağırışları ilə uzlaşdıraraq inkişaf etdirmək missiyasını daşıyır. Bildirilib ki, ölkədə həyata keçirilən uğurlu gənclər siyasəti gənclərin təhsil, elm, idman və mədəniyyət sahələrində inkişafına geniş imkanlar yaradıb.
Ulu Öndər Heydər Əliyevin gənclərə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan natiq bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Çıxışda Azərbaycan gənclərinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, milli birlik və vətənpərvərlik nümunəsi kimi xüsusi vurğulanıb. Bildirilib ki, müasir gənclər həm dünyəvi biliklərə yiyələnir, həm də milli-mənəvi dəyərlərə sadiqliyini qoruyurlar.
Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan gəncliyinin milli dəyərlərin qorunması və inkişafında mühüm rol oynadığını qeyd edib. O bildirib ki, dövlət tərəfindən yaradılan geniş imkanlar gənclərin təhsil almasına, beynəlxalq təcrübə qazanmasına və müxtəlif sahələrdə uğur əldə etməsinə şərait yaradır.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi və antiterror tədbirlərində Azərbaycan gənclərinin göstərdiyi şücaət xalqın tarixinə qızıl hərflərlə yazılıb və onların Vətənə bağlılığının parlaq nümunəsinə çevrilib. Müasir informasiya mühitində milli kimliyin qorunmasının vacibliyi xüsusi vurğulanıb.
Sonra gənclərin sualları cavablandırılıb.



















































