Oktyabrın 14-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. 

"Unikal" xəbər verir ki, səyyar qəbulda icra başçısı ilə birlikdə şəhər İcra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

Taleh Qaraşov əvvəlki görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə məlumat verib. O, bu cür qəbulların yerli sakinləri birbaşa dinləmək və onları narahat edən məsələləri ilk mənbədən öyrənmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib

İcra başçısı çıxışında şəhərdə həyata keçirilən kompleks yeniliklər, infrastruktur layihələri və rəqəmsallaşma sahəsindəki fəaliyyətlər barədə ətraflı məlumat verib. 

Bildirilib ki, “Şəhərsalma və memarlıq ili” çərçivəsində şəhərin Heydər Əliyev prospekti, akademik Zərifə Əliyeva, Paşa Təhməzov, Mirzə Məmmədhüseyn Axund, Tofiq Aslanov, Səttərxan, Əliağa Vahid, Məhəmməd Əsədov və Şirəli Axundov küçələrində geniş abadlıq işləri aparılır. Paralel olaraq Həzi Aslanov, Xocalı, Əsgər Əliyev adına “Dostluq” və “Veteranlar” parkları müasir üslubda yenidən qurulur. Şəhərin əsas girişləri sayılan Girdəni və Sütəmurdov körpülərindən başlayaraq Ləvəngi dairəsi, Şəhidlər xiyabanı, Koroğlu və Fikrət Məmmədov küçələrində piyada yolları yenidən qurulur, çoxmərtəbəli binaların fasadları təmir edilir, köhnəlmiş səkilər yenilənir.

Bundan başqa, kompleks layihə çərçivəsində cari ildə 15 küçənin asfaltlanmasının tam başa çatdığı, əlavə olaraq 30-dan çox küçədə isə təmir-bərpa işlərinə start verildiyi diqqətə çatdırılıb. Hazırda Hənifə Abdullayev 11, Zərifə Əliyeva 78/18, Dədə Qorqud, Vaqif Nağıyev və Əli Mehdizadə küçələrində daxili fasadların suvaq və boyaq işləri fəal şəkildə davam etdirildiyi qeyd olunub.

Eyni zamanda bildirilib ki, Heydər Əliyev prospektində qəzalı vəziyyətdə olan binanın yerində yeni bina tikilib, hazırda son tamamlanma işləri həyata keçirilir, yaxın müddətdə mənzillərin sakinlərə təhvil veriləcəkdir.

İcra başçısı şəhər əhalisi üçün həyati əhəmiyyət kəsb edən su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsinin fəal fazaya keçdiyini vurğulayıb. Bununla yanaşı, "zibil poliqonu" probleminin də kökündən həll olunmaq üzrə olduğu bildirilib. Belə ki, “2026-cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı”na Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi layihəsi də daxil edilib və yaxın müddətdə işlərə başlanılacaqdır.

Taleh Qaraşov şəhərdə ekoloji təmizliyi qorumaq məqsədilə infrastrukturun yeniləndiyini, bu çərçivədə 100 yeni zibil qutusunun və 1 zibildaşıyan maşının istifadəyə verildiyini qeyd edib.

Görüşdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə rəqəmsallaşma tədbirlərinə də toxunulub. Vətəndaş müraciətlərinin və xidmətlərin yenilənmiş mygov portalları üzərindən elektron qəbulu mexanizminin qurulduğu qeyd edilib. Bürokratik gecikmələri aradan qaldıran "Rəqəmsal İcra Hakimiyyəti" layihəsinin prinsipləri əsasında sakinlərin öz müraciət, şikayət və təkliflərini elektron platformalar vasitəsilə operativ şəkildə ötürə bildikləri, bu istiqamətdə “Yerli İcra Hakimiyyətlərində Rəqəmsallaşma üzrə Yol Xəritəsi”nin icrasının uğurla davam etdirildiyi bildirilib.

Yerli sakinlər çıxışlarında həm rəqəmsal islahatların, həm də genişmiqyaslı tikinti-abadlıq işlərinin müsbət nəticələrini gündəlik həyatlarında hiss etdiklərini qeyd edərək, yaradılan müasir şəraitə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.