Ermənistan Ədliyyə Nazirliyi "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiyasına dair sənədlərin hazırlanması və dərc edilməsi qaydası, dövlət sərhədinin demarkasiyası xəritəsinin yaradılması qaydası və dövlət sərhədinin demarkasiyası zamanı demarkasiya üzrə ekspert qruplarının iş qaydası haqqında qaydaların təsdiq edilməsi haqqında" layihəni ictimai müzakirəyə təqdim edib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. 

Layihədə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası ilə bağlı sənədlərin hazırlanması və dərc edilməsi qaydası haqqında təlimatların, dövlət sərhədinin demarkasiya xəritəsinin yaradılması qaydası haqqında təlimatların, eləcə də dövlət sərhədinin demarkasiyası zamanı demarkasiya üzrə ekspert qruplarının iş qaydası haqqında təlimatların hökumət qərarı ilə təsdiq edilməsi təklif olunur.

Nazirlikdən verilən məlumata görə, layihənin qəbul edilməsi komitələrin işinin təşkili üçün hüquqi bazanın yaradılmasında mühüm addım olacaq və komitələr bu bazaya əsasən gələcək fəaliyyətlərini təşkil edəcəklər.

Təlimatların qəbul edilməsi nəticəsində iki ölkənin demarkasiya komissiyalarına razılaşdırılmış prosedura uyğun olaraq birgə fəaliyyətlərini davam etdirmək və demarkasiya prosesində sektoral işlərin həyata keçirilməsi üsullarını müəyyən etmək imkanı verilir.

Ağarza Elçinoğlu