Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Aprelin 29-da Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə köç karvanları yola salınıb.
"Unikal" xəbər verir ki, Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Badara kəndinə 16 ailə - 59 nəfər, Xanabad kəndinə 10 ailə - 46 nəfər, Təzəbinə kəndinə 3 ailə - 15 nəfər, Xanyurdu kəndinə isə 4 ailə - 25 nəfər köçürülüb. Köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
