Gürcüstan Miqrasiya Xidməti və Sərhəd Polisi əməkdaşları Gürcüstanda 14 xarici vətəndaşı saxlayıblar.

"Unikal" xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti və Sərhəd Polisi birgə məlumat yayıb. Bildirilib ki, hərtərəfli əməliyyatlar nəticəsində Banqladeş, Türkiyə, Özbəkistan, Azərbaycan və Mərakeşdən ümumilikdə 14 vətəndaşı saxlayıblar.

Müəyyən edilib ki, saxlanılanlar Gürcüstanın "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" Qanununa uyğun olaraq, qanuni əsas olmadan ölkədə olublar.

Onlar sığınacaq prosedurunda nəzərdə tutulan şərtləri pozublar və bir neçə il qanuni əsas olmadan ölkədə qalıblar.

Saxlanılanlar ölkədən könüllü şəkildə çıxmağı nəzərdə tutan deportasiya qərarında göstərilən şərtlərə əməl etməyiblər. Nəticədə, Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti onları saxlamaq qərarına gəlib.

Qərarın icrasını təmin etmək üçün saxlanılanlar hazırda Miqrasiya Xidməti tərəfindən idarə olunan müvəqqəti yaşayış mərkəzində saxlanılırlar ki, onların gələcəkdə mənşə ölkələrinə qayıtmaları planlaşdırılır.