Yol-nəqliyyat hadisəsində xəsarət alan Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırovun Moskvaya aparılması üçün təyyarə uçuşa hazırlanır.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, eyni zamanda, Qroznı şəhərində yerləşən respublika xəstəxanasına yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan digər şəxslər də çatdırılıb. Lakin onların sayı və xəsarətlərinin ağırlıq dərəcəsi barədə dəqiq məlumat verilməyib.
Məlumata əsasən, 18 yaşlı Adam Kadırovun olduğu avtomobil kortejin önündə hərəkət edib. Avtomobili Adam Kadırovun özünün idarə etdiyi bildirilir.
Bildirilir ki, Adam Kadırovun huşu artıq yerinə gəlib və hazırda həkimlərin müşayiəti ilə Qroznı hava limanındadır, onun vəziyyəti qənaətbəxşdir.
*** 22:25
Çeçenistan lideri Ramzan Kadırovun oğlu Adəm Kadırov avtomobil qəzasına düşüb.
"Unikal" xəbər verir ki, bu barədə Çeçenistanın müxalif “Telegram” kanalları məlumat yayıb. Adəmin vəziyyətinin ağır olduğu, Moskvaya təxliyə edildiyi bildirilir.
Məlumata görə, Kadırovun kiçik oğlunun korteji yüksək sürətlə hərəkət edirmiş. Yolda qəfil yaranan maneə səbəbindən avtomobillər bir-birinə çırpılıb və çoxsaylı xəsarət alanların olduğu qeyd edilir. Qəzanın ardından Qroznının mərkəzi küçələrinin bağlandığı, təhlükəsizlik qüvvələrinin əraziyə cəlb olunduğu deyilir.
Bundan başqa, Adəmlə birlikdə avtomobildə UFC döyüşçüsü Həmzət Çimayevin də olduğu qeyd edilir.
