Binəqədi rayonunda Ağasadıq Gəraybəyli küçəsində yerləşən Bakı Slavyan Universitetinin məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 1 №-li yataqxananın binasında baş verən yanğın nəticəsində 13 məcburi köçkün ailəsinə ziyan dəyib.
Bu barədə "Unikal"a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, yanğın barədə məlumat daxil olduqdan sonra Dövlət Komitəsinin aidiyyəti struktur bölmələrinin nümayəndələri hadisə yerinə yollanıblar.
Məlumata görə, ilkin araşdırma nəticəsində 13 məcburi köçkün ailəsinə ziyan dəydiyi müəyyənləşdirilib:
"Yanğın nəticəsində xəsarət alan olmayıb. Yaşayış sahələri tamamilə yararsız halda düşmüş ailələrin müvəqqəti yeləşdirilməsi və onlara dəyən maddi ziyanın müəyyənləşdirilməsi üçün tədbirlər görülür. Yararsız vəziyyətdəki yaşayış sahələrinin qısa zamanda təmir edilməsi nəzərdə tutulur".
