2025-ci ildə dünya bazarında elektrik mühərrikli avtomobillərin satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq yeni rekord müəyyən edib.
"Unikal" xəbər verir ki, Londonda yerləşən “Benchmark Mineral Intelligence” analitika şirkətinin məlumatına görə, ötən il bütün dünyada 20,7 milyon ədəd elektromobil satılıb.
Satılan elektromobillərin təxminən 13 milyonu Çinin payına düşür. Ölkə daxilində rəqabət gücləndikcə, ÇXR-in avtomobil istehsalçıları xarici bazarlara daha çox üz tuturlar. Cənubi Amerika, Cənub-Şərqi Asiya və Mərkəzi Asiya ixrac axınından ən çox faydalanan istiqamətlərdir.
Çin kompaniyalarının elektromobilləri ötən il Avropa bazarındakı satışların 19 faizini təşkil edib. Ümumilikdə isə 2025-ci ildə Avropada elektrik mühərrikli nəqliyyat vasitələrinin satışlarında 33 faizlik artım müşahidə olunub.
