Dekabrın 19-da Toronto polisi silahla adam oğurluğu, cinsi təcavüz, qadağan olunmuş narkotik vasitələrin əldə edilməsi və saxlanması da daxil olmaqla bir sıra ağır cinayətlər törətməkdə şübhəli bilinən üç nəfəri həbs edib.

"Unikal" xəbər verir ki, həbs olunanlardan biri 19 yaşlı Azərbaycan vətəndaşı Osman Əzizovdur. Polis cinayətlərin motivlərinin qismən nifrət və ekstremizmlə əlaqəli olduğunu iddia edir. Əzizovun ailəsi 2017-ci ildə Azərbaycandan Kanadaya mühacirət edib.

Polisin məlumatına görə, Torontoda adam oğurluğu, cinsi zorakılıq və digər ağır cinayətlərdə iştirak edən şəxslərin tutulması üçün həyata keçirilən Neapolitan əməliyyatı çərçivəsində Osman Əzizovla birlikdə 19 yaşlı Farad Sədaat və 26 yaşlı Valid Xan da həbs edilib. Ümumilikdə məhbuslara qarşı 80 rəsmi ittiham irəli sürülür. Qeyd olunur ki, Valid Xanın cinayətlərdə iştirak etməklə yanaşı, İŞİD terror təşkilatı ilə də əlaqələri var. Məhkəmə sənədlərinə görə, Osman Əzizov 2017-ci ildə valideynləri ilə birlikdə Kanada sərhədini keçib. Ailə əvvəlcə Nyu-Yorka gəlib, daha sonra Kanada sərhədinə 1500 dollara taksi kirayələyib. 7 mart 2017-ci ildə onlar qanunsuz olaraq Kanadaya keçiblər. Kanada İmmiqrasiya İdarəsi 2018-ci ildə onların sığınacaq ərizəsini rədd edib. Apellyasiya şikayəti də rədd edilib və Federal Məhkəmə 2019-cu ildə işə baxmaqdan imtina edib.

Qaçqın statusu verilməməsinə baxmayaraq, Əzizovun Torontoda necə qala bildiyi hələ də qaranlıq qalır. Polis və azərbaycanlı mühacirin vəkili şərh verməkdən imtina edib. Ailə dostu Ceyhun İsmayılovun sözlərinə görə, sığınacaq verilmədikdən sonra ailə humanitar rezidenturaya müraciət edib və bu, ötən il təsdiqlənib.

Ailə sığınacaq ərizəsində Osmanın atasının əvvəllər Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev və onun həyat yoldaşı Zamirə Hacıyevanın mühafizə rəisi işlədiyi göstərlib. 2015-ci ildə Azərbaycanda mənimsəmə ittihamı ilə Hacıyev 16 il müddətinə azadlıqdan məhrum edilib, arvadının Böyük Britaniyadakı əmlakı müsadirə edilib.