Dekabrın 13-ü axşamdan 14-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, 13-ü gündüzdən 14-ü gündüzədək isə əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında, Şəki, İsmayıllı, Qəbələ, Qobustan, Hacıqabul, Oğuz, Mingəçevir, Şabran, Xaçmaz, Qusar, Siyəzən, Xızı, Ağstafa, Qazax, Kəlbəcər, Laçın, Neftçala, Daşkəsən, Gədəbəy, Balakən, Qax, Zaqatalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Salyan, Şirvan, Sabirabad, Şamaxı, Ağsu, Göyçay, Quba, Tovuz, Şəmkir, Goranboy, Gəncə, Göygöl, Ağdam, Ağdaş, Kürdəmir, Yevlax, Naftalan, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Biləsuvar, Zəngilan, Füzuli, Qubadlı, Beyləqanda isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
*** 16:41
Dekabrın 13-ü gündüzdən 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.
Bakıda və Abşeron yarımadasında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, bəzi yerlərdə qara keçəcəyi ehtimalı var.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
