"Bu gün ölkələrimiz arasında münasibətlərə gəldikdə, bu, siyasi baxımdan mənim üçün əhəmiyyətlidir. Çünki İtaliyanın Baş nazirinin Azərbaycana rəsmi səfərindən 13 il ötür. Bu mənə kifayət qədər qəribə göründü. Ona görə, bu səfəri etmək vacib idi".
"Unikal" xəbər verir ki, bunu İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata açıqlamasında deyib.
"Düşünürəm ki, yaranmış bu qədər uzunmüddətli boşluğu doldurmalı idik. Bu, özünü nəinki ölkələrimizi bir-birinə bağlayan dostluq münasibətlərində, həmçinin İtaliya və Azərbaycan arasında çox mühüm əməkdaşlıqda göstərir. Bununla belə əlaqələrdə keyfiyyətcə böyük sıçrayış olub. Beləliklə, təbii ki, apardığımız çox geniş söhbətə görə təşəkkür edirəm. Söhbətimiz əsasında daimi siyasi əlaqələndirmə yolu ilə əməkdaşlığımızı transformasiya etmək üzərində razılığa gəldik. Buradan gələcəyə aid prioritetləri birgə təyin edəcəyik. Düşünürəm ki, indi yaşadığımız mürəkkəb beynəlxalq müstəvidə bu, çox əhəmiyyətli seçimdir. Bununla belə, ətrafımızda olan qeyri-sabitlik artır və aramızdakı aydın məsələlərin həlli daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Həmin aydın olan məsələlərdən biri təbii ki, İtaliya ilə Azərbaycan arasındakı münasibətlərdir".
