Əfqanıstanda Instagram, Facebook və Snapchat sosial şəbəkələrinə giriş məhdudlaşdırılıb.

"Unikal" xəbər verir ki, bu barədə internetə nəzarət xidməti NetBlocks məlumat yayıb.

Qurumun X sosial platformasında paylaşdığı açıqlamada deyilir:

“Verilənlər göstərir ki, artıq Əfqanıstanda bir neçə provayder tərəfindən Instagram, Facebook və Snapchat şəbəkələrinə giriş məhdudlaşdırılıb. Hadisə ötən həftə telekommunikasiya xidmətlərinin kəsilməsindən sonra baş verib”.

Qeyd edək ki, NetBlocks sentyabrın 29-da Əfqanıstanda internetin tamamilə kəsildiyini bildirmişdi. Bu addımın “əxlaqi qaydalara riayət olunmasını təmin etmək” məqsədilə “Taliban” hərəkatı tərəfindən atıldığı qeyd olunurdu.

BMT-nin Əfqanıstandakı missiyası (UNAMA) sentyabrın 30-da açıqlama yayaraq, ölkədə 43 milyondan çox insanın internetdən tamamilə təcrid olunduğunu bildirib. İnternetin kəsilməsi maliyyə, bank, səhiyyə və digər həyati sahələrə ciddi təsir göstərib.

Bir neçə saat sonra internetin qismən bərpa olunduğu barədə məlumatlar yayılıb. Hakimiyyətdə olan “Taliban” isə ölkə üzrə internetin qadağan edilməsini təkzib edib və fasilələrin səbəbi kimi infrastrukturun köhnəlməsini göstərib.