Bakı Mühəndislik Universiteti (BMU) və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Doğru seçim, parlaq gələcək” mövzusunda abituriyentlərlə görüş təşkil edilib. Regional Təhsil İdarəsinin rəhbərliyi, rayon məktəblərinin direktorları, yuxarı sinif şagirdləri və BMU-nun professor-müəllim heyətinin iştirak etdiyi görüşdə şəhidlərimizin əziz xatirəsi yad olunub, ardınca Dövlət Himni səsləndirilib.
"Unikal" xəbər verir ki, sonra universitetin akademik mühiti, maddi-texniki bazası və son illərdə qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev universitetin tarixi və inkişaf istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılan və bu il 10 yaşı tamam olacaq universitetdə ali təhsilin bütün pillələri üzrə 4 fakültədə (İnformasiya və kompüter texnologiyaları, Mühəndislik, İqtisadiyyat və idarəetmə , Memarlıq və inşaat) Azərbaycan və ingilis dillərində kadr hazırlığı həyata keçirilir. Qeyd olunub ki, son iki ildə bakalavriat səviyyəsində 12 yeni ixtisas, magistratura səviyyəsində isə 14 yeni ixtisaslaşma açılıb. 2024-cü ildə yaradılan İnformasiya və kompüter texnologiyaları fakültəsi ölkədə rəqəmsallaşma, süni intellekt, data elmləri və innovativ texnologiyalar sahəsində yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Rektor BMU-da 8 yeni kompüter, o cümlədən Kibertəhlükəsizlik, Biotexnologiya elmi-tədqiqat və tədris laboratoriyalarının istifadəyə verildiyini diqqətə çatdırıb. Bildirilib ki, ümumilikdə universitetin 20-dən çox müasir laboratoriyası, habelə Texnoparkı tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi, innovativ ideyalarının reallaşdırılması üçün geniş imkanlar yaradır.
Yaqub Piriyev çıxışında son illərdə universitetə tələbə qəbulunun yüksək nəticələrlə müşahidə olunduğunu deyib və müvafiq statistik göstəricilərə toxunub. Həmçinin BMU-nun 6 bakalavr proqramının ilk dəfə beynəlxalq akkreditasiyadan keçməsi və həmin proqramların Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Reyestrinin məlumat bazasına daxil edilməsi, Cənubi Koreya və Çin ali təhsil müəssisələri ilə həyata keçirilən ikili diplom proqramları, Pekin Kimya Texnologiya Universiteti ilə birgə yeni açılan “PKTU-BMU Mühəndislik fakültəsi” barədə də geniş məlumat verilib. Bununla yanaşı, ali məktəbin beynəlxalq reytinqlərdə əldə etdiyi nailiyyətlərdən bəhs olunub.
Rektor vurğulayıb ki, abituriyentlərin burada birbaşa əldə etdiyi məlumatlar onların gələcək planlarını daha aydın şəkildə qurmasına kömək edəcək. Abituriyentlərə uğurlar arzulayan Yaqub Piriyev onların ölkəmizin gələcəyini formalaşdıracaq və onu daha da inkişaf etdirəcək gənclər olacacaqlarına inandığını bildirib.
Tədbirdə çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva ali məktəblərə qəbul ərəfəsində təşkil olunan belə görüşlərin abituriyentlərin düzgün ixtisas seçimində mühüm rol oynadığını deyib. O, əmək bazarında uğur qazanmaq üçün keyfiyyətli ali təhsil və peşəkar bacarıqların vacibliyini vurğulayaraq, BMU-nun bu istiqamətdə potensialını yüksək qiymətləndirib.
BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Hüseynov isə çıxışında universitetin yalnız təhsil məkanı deyil, həm də gənclərin liderlik, məsuliyyət və qərarvermə bacarıqlarının formalaşması üçün geniş imkanlar yaratdığını qeyd edib, ictimai fəallığı ilə qazandığı uğurlarını iştirakçılarla bölüşüb.
Tədbirdə BMU-nun rəqs kollektivinin ifasında rəqs təqdim edilib.
Sonda abituriyentlər universitetin laboratoriyaları, Texnoparkı və innovativ təhsil mühiti ilə yaxından tanış olublar.
