"Bir neçə gün öncə Prezidentin fərmanı ilə "Tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları" təsdiqlənib. Bununla da dövlət qurumlarının rəqəmsal layihələrinə yanaşma dəyişir".
"Unikal" xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, yeni qaydalara görə, xüsusilə innovativ və vətəndaşa birbaşa təsir edən layihələr artıq birbaşa dövlət qurumun özü tərəfindən tətbiq olunmayacaq:
"Əvvəl pilot (test) rejimindən keçəcək, sonra qərar veriləcək. Bu qaydalar əsasən, süni intellekt, big data, yeni dövlət xidmətləri və vətəndaş məlumatlarına təsir edən rəqəmsal həllərə şamil olunur. Güman ki , bundan sonra nazirliklər yalnız daxili istifadə üçün nəzərdə tutulan həlləri müstəqil hazırlaya biləcəklər. Yəni, artıq istənilən nazirlik, məsələn, süni intellekt əsaslı bir sistemi , vətəndaşlara yönəlik bir rəqəmsal həlli özbaşına hazırlayıb tətbiq edə bilməyəcək. Belə layihələr üçün mütləq pilot mərhələ və təsdiq tələb olunacaq.
Qərarlar isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən, işçi qruplar və ekspert rəyləri əsasında veriləcək. Təhlükəsizliklə əlaqəli XRİTDX və DTX da bu proseslərdə iştirak edəcək və rəy verəcək. Bu yanaşmanın müsbət tərəfi odur ki, paralel sistemlər azalacaq, risklər əvvəlcədən yoxlanacaq və keyfiyyətə nəzarət güclənəcək. Mənfi tərəfi isə odur ki, çeviklik azalacaq, bürokratik əngəllər yarana bilər, innovasiya ləngiyə və qərarların subyektivliyi riski qala bilər. Düşünürəm ki, düzgün tətbiq olunarsa, nəticədə daha idarə olunan və koordinasiyalı rəqəmsal mühit formalaşacaq. Bu yanaşma hazırda rəqəmsal hökumət sektorunda gedən optimallaşma və mərkəzləşmə siyasəti ilə də üst-üstə düşür".
