"Təhsil xərclərinin tərkibində ümumi təhsil üzrə xərclərin azalmasının səbəbi adambaşına maliyyələşmə mexanizminə keçidlə bağlıdır. Biz artıq bir neçə ildir ki, ali təhsildə adambaşına maliyyələşmə mexanizmini uğurla tətbiq edirik. Yəni, vəsait ali təhsil müəssisələrinin saxlanma xərclərinə görə deyil, hər bir tələbəyə görə ödənilir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, bu mexanizmin uğurunu nəzərə alaraq hökumət tərəfindən qərar qəbul edilib ki, tədricən ümumi təhsildə də bu mexanizmin tətbiqinə başlanılsın: "Ona görə də cari ildə müəyyən sayda məktəbimiz, gələn ildən isə daha geniş miqyasda məktəblərimizin bir qismi adambaşına maliyyələşmə mexanizminə keçirilir. Adambaşına maliyyələşmə kifayət qədər uğurlu mexanizmdir və bundan sonra ümumi təhsil sahəsində də bu mexanizmi mərhələli şəkildə tətbiq edəcəyik. İlkin təhsil pillələrində, eləcə də məktəbəqədər təhsildə adambaşına maliyyələşmə mexanizmindən istifadəni artıracaq və genişləndirəcəyik. Təhsil sahəsinə daimi dəstək hökumətin diqqət mərkəzində olacaq".

Anar Kəlbiyev