"Hesab edirəm ki, 2027-ci il səhiyyə sistemi üçün yalnız maliyyələşmənin deyil, həm də institusional islahatların dərinləşdirilməsi ili olacaqdır. Bu baxımdan, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsini mühüm və müsbət struktur islahatı kimi qiymətləndirirəm".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, qarşıdakı mərhələdə islahatlar yalnız TƏBİB-in tabeliyindəki müəssisələrlə məhdudlaşmamalıdır: "Birinci təklifim Səhiyyə Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin kompleks təhlili və optimallaşdırılması ilə bağlıdır. Hesab edirəm ki, 2027-ci ildə bu müəssisələrin funksional, maliyyə və idarəetmə auditi aparılmalı, onların faktiki iş yükü, çarpayı fondunun istifadəsi, kadr təminatı və göstərilən xidmətlərin səmərəliliyi qiymətləndirilməlidir. Müxtəlif tabeliliklərdə fəaliyyət göstərən müəssisələr arasında təkrarlanan inzibati, laboratoriya və diaqnostika funksiyalarının birləşdirilməsi, az yüklənən müəssisələrin isə əhalinin ehtiyaclarına uyğun yenidən profilləşdirilməsi nəzərdən keçirilə bilər. Burada əsas məqsəd müəssisələrin mexaniki ixtisarı deyil, mövcud resurslardan daha səmərəli istifadə olunmasıdır. Hesab edirəm ki, Səhiyyə Nazirliyinin yalnız dövlət müəssisələrinin idarə olunmasında deyil, bütövlükdə səhiyyə sistemində strateji planlaşdırma, keyfiyyətə nəzarət və akkreditasiya sahəsində tənzimləyici rolu gücləndirilməlidir.

Bu, dövlət və özəl sektor arasında sağlam rəqabətin inkişafına, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və vətəndaşların tibbi xidmətlərə bərabər çıxışına xidmət edəcək. Özəl sektorda olan tibb müəssisələrinin səhiyyə idarəciliyində etimadını itirmiş, dövlət sektorunda fəaliyyəti zamanı ciddi pozuntulara yol vermiş şəxslərin güvənli limanına, fəaliyyət arealına və ehtiyat aerodromuna çevrilməsinə yol vermək olmaz. Bizim əsas məqsədimiz daha çox vəsait xərcləyən deyil, ayrılan hər manat hesabına daha yüksək sağlamlıq nəticəsi yaradan səhiyyə sisteminin formalaşdırılması olmalıdır".

Anar Kəlbiyev