Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, Nizami Rayon İcra Hakimiyyətinin və Türk Ağsaqqalları İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Azərbaycanda “Hərbi rəssamlıq” studiyasının yaradıcısı, Beynəlxalq Mahmud Kaşğari Fondunun laureatı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Natiq Camal Afşarın təqdimatında rəsm sərgisi nümayiş etdirilib. Sərgidə Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini, Azərbaycan əsgərinin döyüş ruhunu, xalqımızın Zəfər sevincini və milli yaddaşımızda əbədi yaşayacaq tarixi anları əks etdirən sənət əsərləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə YAP Veteranlar Şurasının üzvü, Türk Ağsaqqalları İctimai Birliyinin sədri Südeyf İmamverdiyev, Milli Məclisin deputatları Könül Nurullayeva və Ceyhun Məmmədov, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Şahsultan Həsənov, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Vətən müharibəsi şəhidi Kənan Süleymanının anası Səadət Şirəliyeva və Vətən müharibəsi qazisi Emin Eminov çıxış ediblər.

Çıxışlarda 8 Noyabr - Zəfər Gününün Azərbaycan xalqının tarixi yaddaşının, milli kimliyinin, sarsılmaz iradəsinin və Vətənə bağlılığının təntənəsi olduğu vurğulanıb. Bildirilib ki, bu möhtəşəm tarixi Qələbənin əldə olunmasında Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı və xalqımızın nümayiş etdirdiyi misilsiz həmrəylik həlledici rol oynayıb.

Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birinə çevrilib. Azərbaycan Ordusu döyüş meydanında yüksək peşəkarlıq, qətiyyət və qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad edib, xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyub və tarixi ədaləti bərpa edib.

Tədbirdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə də toxunulub. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda müasir infrastruktur yaradılır, şəhər və kəndlər yenidən qurulur, sosial obyektlər, yollar, təhsil və səhiyyə müəssisələri istifadəyə verilir.

Tədbirin sonunda Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edilib.