Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının “B.Vahabzadə küç. 9” ünvanı üzrə (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutu) ərazi partiya təşkilatında Prezident, YAP Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Riyaziyyat İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən Elxan Səbziyev VIII Qurultayın ölkəmizin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıdığını bildirib. O, elmi tədqiqatların genişləndirilməsi, riyazi modelləşdirmə və süni intellekt texnologiyalarının inkişafı, eləcə də gənc alimlərin elmi fəaliyyətə təşviq edilməsinin vacibliyini vurğulayıb.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev VIII Qurultayın ideoloji-siyasi əhəmiyyətindən, fundamental elmlərin ölkənin iqtisadi və strateji potensialının gücləndirilməsindəki rolundan danışıb. O, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib.

Bəxtiyar Nəbiyev, həmçinin elmi müəssisələrdə fəaliyyət göstərən ərazi partiya təşkilatlarının işinin gücləndirilməsinin, gənc alimlərin partiya həyatına cəlb edilməsinin və dövlətçilik prinsiplərinin təbliğinin əhəmiyyətini vurğulayıb.

YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu, elm və təhsilin inkişafı sahəsindəki xidmətlərindən bəhs edib. O, təcrübəli partiya veteranları ilə gənc ziyalılar arasında varislik ənənələrinin qorunmasının, milli-mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.