Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının “Bülbül prospekti 40” ünvanı üzrə (Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu) ərazi partiya təşkilatında görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüş Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin icrasına həsr olunub.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İpoteka və Kredit Zəmanət Fondunun Maliyyə departamentinin direktoru Fariz Axundov çıxışında VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk qurultay kimi tarixi əhəmiyyətini vurğulayıb. O, dövlət başçısının qurultayda ölkənin iqtisadi və maliyyə sabitliyi ilə bağlı səsləndirdiyi fikirlərə toxunaraq bildirib ki, Azərbaycanın valyuta ehtiyatlarının 90 milyard dollara çatması, xarici borcun isə ümumi daxili məhsulun cəmi 5,6 faizini təşkil etməsi ölkənin maliyyə dayanıqlılığının mühüm göstəriciləridir.

Fariz Axundov Prezident İlham Əliyevin gələcək nəsillərə borc yükü qoyulmaması ilə bağlı mövqeyini diqqətə çatdıraraq qeyd edib ki, maliyyə sabitliyi əhalinin sosial rifahının yüksəldilməsi və sosial yönümlü maliyyə xidmətlərinin genişləndirilməsi üçün möhkəm zəmin yaradır.

Daha sonra çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov VIII Qurultayın Azərbaycanın müstəqillik tarixində xüsusi yer tutduğunu bildirib. O, Prezident İlham Əliyevin qurultayda müəyyənləşdirdiyi prioritet istiqamətlərə toxunaraq ölkəmizin davamlı inkişafının təmin olunması, siyasi və iqtisadi potensialının gücləndirilməsi, milli maraqlarının qorunması və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Azər Süleymanov vurğulayıb ki, dövlət başçısının məqsədyönlü siyasəti Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, milli maraqlarının qətiyyətlə müdafiə olunmasına və ölkəmizin strateji hədəflərə doğru inamla irəliləməsinə imkan yaradır.

Fondun baş meneceri Nicat Rzayev bildirib ki, dövlət siyasətinin əsas məqsədlərindən biri Azərbaycan xalqının rifahının davamlı şəkildə yaxşılaşdırılmasıdır. Sosial müdafiə tədbirlərinin genişləndirilməsinin, minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılmasının əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini qeyd edib. Nicat Rzayev, həmçinin vətəndaşların, xüsusilə gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasının sosial siyasətin mühüm istiqamətlərindən biri olduğunu vurğulayaraq Fondun bu sahədə həyata keçirilən tədbirlərə verdiyi töhfədən danışıb.

Fondun Kommunikasiya və informasiya təminatı xidmətinin rəisi Anar Cəbrayıllı Prezident İlham Əliyevin ideoloji təhlükəsizliklə bağlı fikirlərini şərh edib. O bildirib ki, ideoloji iş müasir dövrün tələblərinə uyğun qurulmalı, Azərbaycanın reallıqları və əldə etdiyi nailiyyətlər ictimaiyyətə düzgün və dolğun şəkildə çatdırılmalıdır. Anar Cəbrayıllı sosial şəbəkələrdə yayılan yanlış məlumatlara faktlara əsaslanan cavabların verilməsinin, eləcə də dövlətin həyata keçirdiyi sosial proqramlar barədə əhalinin düzgün məlumatlandırılmasının vacibliyini qeyd edib.

İpoteka kreditləri departamentinin Anderraytinq və təminatların verilməsi şöbəsinin böyük mütəxəssisi Nuran İmranlı gənc əməkdaşlar adından çıxış edərək qalib Azərbaycanda yaşamağın və çalışmağın qürurverici olduğunu bildirib. O, gənclərin peşəkarlıq, məsuliyyət və yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirərək dövlətin qarşıya qoyduğu strateji hədəflərin reallaşdırılmasına töhfə verməyə hazır olduqlarını vurğulayıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.