Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli müğənni, Azərbaycan Respublikasının Xalq artisti Zaur Rzayev oktyabrın 29-da ömrünün 75-ci ilində vəfat edib.
Mədəniyyət Nazirliyindən "Unikal"a verilən məlumatda xatırladılıb ki, Zaur Əlihüseyn oğlu Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunun Karrar kəndində anadan olub.
Bakı Kitabxanaçılıq Texnikumunda təhsil alan Zaur Rzayevin musiqiyə olan həvəsi onu Asəf Zeynallı adına Musiqi Texnikumuna gətirib. Sonralar Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Vokal şöbəsinə qəbul olunub.
Müğənni gənc yaşlarından Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının solisti kimi fəaliyyət göstərib. Müxtəlif illərdə Azərbaycan Dövlət Mahnı Teatrında, eləcə də hərbi musiqi kollektivlərində çalışıb. 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edən sənətkar hərbi-vətənpərvərlik ruhunun musiqi vasitəsilə təbliğinə mühüm töhfələr verib.
Zaur Rzayev özünəməxsus ifa tərzi, məlahətli səsi və zəngin repertuarı ilə Azərbaycan musiqi mədəniyyətində xüsusi yer tutub. Xalq və bəstəkar mahnılarına, muğam və təsniflərə müraciət edən müğənni musiqisevərlərin dərin rəğbətini qazanıb.
Çoxillik səhnə fəaliyyəti ərzində Zaur Rzayev Azərbaycan musiqisini ölkəmizdə və onun hüdudlarından kənarda layiqincə təmsil edib.
Sənətkarın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1998-ci ildə Əməkdar artist, 2003-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Müğənni, eyni zamanda, Dağıstan Respublikasının Əməkdar incəsənət xadimi və Xalq artisti fəxri adları ilə təltif olunub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Zaur Rzayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Mədəniyyət Nazirliyindən bildirildiyinə görə, Xalq artisti Zaur Rzayevin dəfn və vida mərasiminin keçiriləcəyi tarix barədə dəqiqləşdirilmiş məlumat ictimaiyyətə əlavə olaraq təqdim ediləcək.
*** 19:00
Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam etdirilən 1952-ci il təvəllüdlü Xalq artisti Zaur Rzayevin bu gün saat 18:30-da bioloji ölüm faktı qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, pasiyent oktyabrın 14-də ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub, vəziyyətinə uyğun zəruri tibbi müdaxilələr və intensiv müalicə tədbirləri həyata keçirilib. Həkimlərin səylərinə baxmayaraq, pasiyentin həyatını xilas etmək mümkün olmayıb.





.jpg)
.jpeg)



























.jpg)

.jpg)





.jpeg)










