Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi nitqdən irəli gələn məsələlərə həsr olunmuş müşavirələr keçirilib.
"Unikal" xəbər verir ki, müşavirələr Qala, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Zirə, “İrəli” və Xəzər rayon ərazi partiya təşkilatlarının iştirakı ilə təşkil olunub.
Tədbirlərdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin siyasi və təşkilati əhəmiyyətindən, partiyanın qarşısında duran əsas vəzifələrdən, eləcə də ərazi partiya təşkilatlarının fəaliyyət istiqamətlərindən bəhs edib.
Namiq Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritetlərinin dərindən öyrənilməsi, VIII Qurultayda səsləndirilən məsələlərin partiyanın gündəlik fəaliyyətində rəhbər tutulması və qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə yerinə yetirilməsi hər bir partiya üzvünün məsuliyyətini daha da artırır.
O, həmçinin ərazi partiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsinin, partiya üzvləri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin, təşkilati işlərin daha səmərəli qurulmasının və qarşıya qoyulan hədəflərə vahid məqsəd naminə nail olunmasının vacibliyini vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn məsələlərin həyata keçirilməsi partiyanın gələcək fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır.
Müşavirələrdə VIII Qurultayda irəli sürülən məsələlərin əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb, ərazi partiya təşkilatlarının qarşısında duran vəzifələr müzakirə olunub. Tədbirlər partiyanın fəaliyyətinin daha səmərəli təşkili, təşkilati işlərin gücləndirilməsi və qarşıya qoyulan vəzifələrin ardıcıl icrası istiqamətində müzakirələrlə yekunlaşıb.


































.jpg)




.webp)






